Xalq artisti Möhlət Müslümovun tarzən oğlu Rüstəm Müslümov Azərbaycana qayıda bilmir.

Open.az xəbər verir ki, bu barədə musiqiçinin özü məlumat verib. O, açıqlamasında bildirib ki, martın 8-dən festival üçün Texas ştatına gedib və uçuşlar dayandığı üçün Bakıya gələ bilmir:

“Martın 8-dən Texas ştatının Austin şəhərindəyik. Böyük kino-musiqi festivalı olan “SWSX” üçün gəlmişdik. Bundan əlavə, bir neçə konsertimiz də baş tutacaqdı. Sözügedən festival üçün Amerikaya 4-cü səfərimizdir. Festival da təxirə düşdü. Amerikada menecerimiz var, hər zaman bizi o dəvət edir. Hazırda onun evində qalırıq. Mənimlə birgə nağara ifaçısı Elnur Əliyev, kamança ifaçısı Fərid Babayev də buradadır. Martın 23-də uçuş həyata keçməli idi. Nəzərdə tutulmuşdu ki, Austindən Nyu-Yorka, oradan da Bakıya gələk. Biz Vətənə qayıda bilmirik. Gəlmək və qayıtmaq Türk Hava Yolları ilə həyata keçəcəkdi. Onlar uçuşu dayandırıb. Şirkət bizə qeyd etdi ki, bileti başqa vaxta dəyişdirmək olar, lakin hazırda uçuşlar təxirə salınıb. Başqa vaxt barədə isə dəqiq bir söz deyilmir. Bizi məlumatlandıracağını qeyd etdilər. AZAL-da da uçuşlar dayandırılıb”.(Qafqazinfo)