Xəbər verdiyimiz kimi, “Səni deyirlər” mahnısı ilə dünya azərbaycanlıları arasında məşhurlaşan müğənni İbrahim Əlizadə Bakıda qonaqdır.

Beynəlxalq Muğam Mərkəzində mətbuat nümayəndələri ilə görüşən Əlizadənin Open.az-a verdiyi müsahibəni təqdim edirik:

- İlk dəfədir Azərbaycana gəlirsiniz?

- Bəli. Mən İranın Maku şəhərindən gəlmişəm. İlk dəfədir ki, Bakıya qonaq olaraq dəvət edildim. Burada baş tutacaq bir festivala dəvət olunmuşam. Şəhəri gəzməmişəm, ancaq gördüyüm qədəri ilə deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir.

““Səni deyirlər” göstərdi ki, dünyada türklərin birliyi var” - VİDEO

- Bundan öncə də oxuduğunuz mahnılarda türkçülüyə toxunmusunuz. “Səni deyirlər”də də bu özünü göstərir...

- Əslində bu mahnı 40 il öncə oxunan Azərbaycan türklərinin mahnısıdır. Özü də toylarda səslənən mahnıdır. Bizim hər mahnımız türkcədir. İrandakı azərbaycanlılar toylarında öz mahnılarını eşitməyi çox sevirlər. 12 ildir toylarda bu dildə mahnı oxuyuram.

- Mahnı ABŞ-dakı azərbaycanlılara qədər gedib çatdı. Bu qədər məşhurlaşandan sonra sizə hansı təkliflər edildi?

- Dünyadan bir çox təkliflər gəldi. İranda işimizi aparan bir şirkət var. Keyfiyyətli bir təklifi qəbul edib, icra edəcəyik.

- Azərbaycanın müğənnilərindən kimləri tanıyırsınız, bəyənirsiniz?

- Azərbaycanlı müğənnilərin hamısını tanıyırıq. Bir nəfərin adını çəksək, digərinin qəlbi qalar. Ona görə hamısını çox sevirik. Necə ki, onlar bizi sevir, biz də onları sevirik.

- Bu mahnı ilə Şimali və Cənubi Azərbaycan xalqı arasında çox səmimi bir bağ yarandı. “Səni deyirlər”in bu tərəfdən əhəmiyyətini izah edə bilərsiniz?

- Mahnı İranda oxunub. İranda məşhurlaşan mahnının Azərbaycanda belə şöhrət qazanacağını düşünməzdim. Mənim üçün Şimali, Cənubi Azərbaycan ifadəsi yoxdur. Hamımız türkük. Sadəcə bu mahnı göstərdi ki, dünyada türklərin birliyi var. Hər zaman da bu birlik yerindədir.


- Bir çox insan mahnının bəstəkarı yaxud söz yazarı olduğuna dair şaiyə yaydı. Buna münasibətiniz necədir?

- Belə mövzular İranda da oldu. Hərə bir ağızdan “mahnı mənə aiddir” dedi. Əsas odur ki, bu ifa yerinə otura bildi. Mahnının sahibi, bəstəkarı və yazarları var. “Səni deyirlər” ilk dəfə Sulduz şəhərində oxunub."Qarapapaq" türklərinə məxsusdur. Kiminsə belə iddiası varsa, gətirib sübut edə bilər.

- Bu ifanızı bayağı adlandıranlar da az olmadı, bu barədə fikriniz nədir?

- Bir mahnı gözəldirsə, xalq bəyənirsə, bunun toy yaxud xalq mahnısı olması önəmli deyil. Biz xalqımız üçün çalışırıq. Türk mahnılarını ifa etmək, digərlərinin fikrindən daha önəmlidir. Təbii ki, bu şəxsi yanaşmamdır. Hər kəsə dərin hörmət bəsləyirəm.

- “Səni deyirlər”dən sonra hansı yeni layihələriniz olacaq?

- Yeni bir mahnımız var. Hazırda onun üzərində çalışırıq. “Mən türkəm, iranlıyam, azərbaycanlıyam” deyə sözləri var. Fəxr edirəm ki, türk övladıyam.

““Səni deyirlər” göstərdi ki, dünyada türklərin birliyi var” - VİDEO- Bəlkə bir azərbaycanlı müğənniylə duet oxuyasınız...

- Niyə də yox? Qismət olsa, hamısı ilə duet oxumaq istəyərəm. Hər biri mənim üçün əzizdir. Elə Bakıda da, İranda da yeni kliplərimiz olacaq. Bəlkə bir gün Bakıda da konsert verərəm.

- Prodüserinizlə futbol barəsində danışırdınız, ən sevdiyiniz komanda hansıdır?

-İranda bizim bir eşqimiz var. Onun adı “Traktor Sazi"dir. Bu dünyada ən çox türk tərəfdarı olan futbol komandasıdır. Onların qalib gəlib-gəlməməsi əhəmiyyətli deyil. Biz onları qələbə və məğlubiyyəti ilə sevirik. Düşünürəm ki, türk olan hər kəs “Traktor”u sevməlidir.

Rəvan Rəd

Video: Nicat Əlili