Azərbaycanın iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır romantik” filminin təqdimat tarixi bəlli olub.

Open.az. xəbər verir ki, məşhur türkiyəli aktyorların rol aldığı “Ağır romantik” 2020-ci il fevralın 28-də izləyicilərə təqdim olunacaq.

Ekran işi ilk olaraq İstanbulda təşkil olunacaq qala gecə də türkiyəli izləyicilərlə görüşəcək. Daha sonra isə “Ağır romantik”in Azərbaycanda böyük təqdimatı planlaşdırılır.

Filmin mövzusu:

Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatındaböyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir.

Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar.

Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.

Kərəmin atası (Altan Erkekli) İstanbulun ən böyük oğru dəstəsinə rəhbərlik edir. Aslının dayısı isə Təhlükəsizlik Müdiridir (Sermiyan Midyat) və məqsədi bu qarətçi dəstəni çökdürməkdir. Aslı və Kərəmin xoşbəxt günləri, heç vaxt sonunu unutmayacaqları bir günə çevrilir.

Qeyd edək ki, Onur Tuna hazırda Türkiyənin reytinqli serialı olan "Mucize doktor"da rol alır.

Ruhinin təşəbbüsü ilə çəkilən türk filmi bu tarixdə təqdim olunacaq