ARB TV-də yayımlanan “Ona qalsa” proqramında qalmaqal yaşanıb.

Open.az xəbər verir ki, verilişin aparıcısı Nazilə Səfərlinin qonağı olan müğənni Aynur Dadaşovaya sual ünvanlaması onu özündən çıxarıb.

Bəstəkar Ruslan Səfəroğlunun musiqisinə söz yazan N.Səfərli həmin mahnını A.Dadaşovanın oxuduğunu, lakin şairənin pulunu ödəmədiyini bildirib:

“Həsrətimlə sevişirəm gecələr” adlı mahnımın pulunu niyə vermirsən? Söz satmıram. Aranjiman etdirib pul xərcləmişdim. Sənin mənə 1500 manat borcun var. Ruslan Səfəroğluna dedim ki, pulumu nə vaxt verəcəksiniz? Dedi ki, Aynur verəndə ödəyəcəm. Mənə lazım idi ki, mahnını bir məşhur ifaçı oxusun. O zaman indiki qədər məşhur deyildim. O adam gəlmədi, bəlkə də dinlətmədilər. Dedilər ki, mahnını 1500 manata Aynura satmışıq. Əlimlə verib, ayağımla axtarıram. Gör, mən nə gündəyəm. Ruslan bir mahnını mənə hədiyyə etmişdi, desə ki, pulu həmin bəstəyə görə vermirəm, susaram”.

A.Dadaşova isə N.Səfərliyə qarşı aqressiv hərəkətlər nümayiş etdirib və bu sözləri deyib:

“Mahnının pulunu bəstəkara 5 il öncə vermişəm. Aranjimanı isə ödəmişdinizsə, mən niyə ödəyirdim? Sizə borcum ola bilməz. Məni tanıyanlar bilir ki, kimin problemi varsa, hamısını həll edirəm. Respublikada nə qədər bank varsa, hamısı ilə əməkdaşlıq edirəm. Dəqiq insanlara həmişə banklardan təkliflər olur. O qədər dəqiqəm ki, heç kim deyə bilməz Aynurun mənə 20 qəpik borcu var. Sizin söhbətiniz Ruslanladır. Siz niyə aranjimanın pulunu vermisiniz? Efirlərə çıxmamışdan öncə Ruslandan mahnını almışdım. Efirdə də bir-iki dəfə oxudum. Çünki mənim ifamda həzin mahnını sevmirlər. Keçən dəfə də mənə dediniz, sizə vəziyyəti başa saldım”.

Daha sonra veriliş reklam fasiləsinə ayrılıb, amma aparıcı ilə müğənni arasındakı gərginlik daha da alovlanıb. Aynur Ruslanın efirə bağlanmasını tələb edib:

“Pulunuzu niyə məndən istəyirsiz? Milyonların qarşısında deyirsən, mənə borclusan. Heç kim bu sözü deyə bilməz. Siz Aynuru niyə hörmətsiz etməyə çalışırsız? Dünənin uşağı deyiləm, 30 ildir sənətdəyəm. 30 il hamının mahnısının pulu verildi, sizinki yox? Özü də dollarla ödədim mahnının pulunu. Mən burada Azərbaycan dilində danışıram, pulu vermişəm. Cinayət işidir sübut edəsiniz?”.

Daha sonra Ruslan canlı yayıma zəng edib. Onlar arasında söz savaşı daha da böyüyüb.(axşam.az)