Əməkdar artist Tünzalə Əliyeva ("Toppuş bacı") son günlər haqqında çıxan söz-söhbətlər barədə ARB telekanalında yayımlanan "Səhər-səhər"verilişində danışıb.

Open.az xəbər verir ki, Əliyeva müğənni Xatirə İslamın onun haqda dediklərinə cavab verib:

“Mənə nə qədər kömək edən varsa, hamısına təşəkkür edirəm. Allah hamıya can sağlığı versin. Qoy, canları sağlam olsun, qınaq yeri olmasınlar. Siz indi məndən Xatirə İslam barədə soruşursunuz, xəbərim yoxdur. Mən ümumiyyətlə oxumamışam. İnternetim də yoxdur. Adi telefon işlədirəm. Evimə gedib, başımı ailəmlə qatıram”.

Xatırladaq ki, Xatirə İslam Tünzalə Əliyevanın xərçəng xəstəliyindən qurtulması üçün başladılan kampaniyanın əslində aktrisanın ipoteka borcuna həsr edildiyini öyrənəndə bu məsələyə sərt reaksiya vermişdi:

"Bəli, mən sənət yoldaşlarımdan pul yığanda elə bilirdim səhhəti ilə bağlıdır. Biz yaxşılığımızı, insanlığımızı etdik. Zaurun proqramında məsələyə tam aydınlıq gətirdik. İndi niyə, nə üçün yığdıq biz bunu? Bu iş fakt xəstəlik məqsədi ilə başladı. "Mən bunu niyə etdim? Yaxınlarımızda daha ağır vəziyyətdə olanlar var" deyənlər də oldu. Mən buna görə sənət dostlarımın, sevənlərimin gözündən düşdümsə, o məbləği cibimdən qaytarmağa hazıram. Adam bir yaxşılığı edib ətrafında bu qədər dolanmaz. Məncə, hərdən insanın həyatında elə problemi olur ki, hətta xəstəlik də onun yanında yalan kimidir. Ona görə də biz Tünzalə xanımı rahat buraxsaq, yaxşı olar. O da öz problemini, dərdini həll etsin. Biz hər şeyi Allah üçün edirik. Tək bunu yox, hər şeyi. Allah bizi qorusun. Bizim səhnədə, sənətdə çalışan, vuruşan, sevilən ulduzları qorusun. Biz də yaxınlara, dostlara imkan daxilində əl tuta bilək".