Əməkdar artist Nahidə Orucova “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında qətlə yetirilən qardaşından bəhs edib.

Open.az xəbər verir ki, sənətçi proqram zamanı göz yaşlarını saxlaya bilməyib:

“Ailədə üç uşaq olmuşuq: iki bacı, bir qardaş. Qardaşım saç ustası olub. Əslində qardaşımın qətli ilə bağlı məsələni ictimailəşdirmək istəmirdim. Elə alındı ki, hamının baş verənlərdən xəbəri oldu. Bu məsələdə ünvanıma nalayiq sözlər söylədilər. Elə məqamlar var ki, efirdə hər şeyi açıb danışa bilmirəm. Çünki efirə uyğun deyil. Bu mənim içimdədir. Məqsədim isə qardaşımın qatilini tapmaq idi. Ona görə efirə çıxıb qardaşımın arvadını axtarıb tapmaq istədim ki, bəlkə onun köməyi ilə mən nəsə öyrənə bilərəm. Qardaşım 23 ildir ki dünyasını dəyişib. Onu qətlə yetiriblər. Qardaşımın ölüm səbəbi, nə üçün qətlə yetirildiyi hələ də müəmmalıdır. Heç bir məlumatım yoxdur. Araşdırma aparılıb. Birini həbs etdilər”.

N.Orucova bildirib ki, qardaşının həyat yoldaşı qatilin kimliyindən xəbərdardır: “Hadisə olan günü mənə zəng vurdular. Ailəmizdən həmin hadisəni görən yeganə mən idim. Dəhşətli görüntü idi. Gözümün önündən heç vaxt getmir və getməyəcək. Adını qoydular pul və qızıl hərisliyi... Dedilər ki, onun dostu edib. Sonunadək dedi ki, mən öldürməmişəm, deyəcəm kim öldürüb. Gözləyirəm ki, gəlib mənə desin. 23 ildir ki, bu suallara cavab tapa bilmirəm: Kim? Nə üçün? Nəyə görə? İki bacı evimizin sonbeşiyini qoruyub saxlaya bilmədik. Çox pis oluram. Atam-anam öləndən sonra qardaşım mənim yanımda qaldı. O, xəstə uşaq idi, dedim ki, yanında adam olsun, ona tək qalmaq olmazdı.

İllərdir bu qətli araşdırıram. Amma heç bir informasiya əldə edə bilmirəm. Qardaşımın yoldaşı da bu məsələni araşdırdığıma qarşı çıxır. Qardaşımın arvadının qətl haqqında məlumatı var, sadəcə danışmaq istəmir. Mən də istəyirəm ki, o, mənə desin. Məsələni bilsəm, ən azından sakitləşərəm. Bu yarayla neçə ildir yaşayıram. O yaranı heç olmasa irinləməyə qoymaram. Qatilin yaxınım olduğunu bilsəm, yaram daha da dərinləşər”.(axşam.az)