Xəbər verdiyimiz kimi, mayın 8-də “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyətinə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayış baş verib. Yaranan yanğın səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyindən Open.az-a verilən məlumata görə, 7 nəfər Mərkəzi Nefçilər Xəstəxanasının reanimasiya şöbəsindədir:

"Onlardan 3-nün vəziyyəti kritikdir, digər 7 nəfər isə cərrahiyyə bölməsindədir. Hazırda müalicələri davam etdirilir".

Qeyd edək ki, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanmış, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Şəfiqə Nazimqızı