İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə noyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödəyib.
Agentlikdən Open.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 33, respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin 13 641 nəfər tibb işçisinə və 3 114 nəfər qeyri-tibb işçisinə noyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 20 milyon manat müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
- Tibbi profilaktik tədbirləri həyata keçirən 2832 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2.3 milyon manat ödənilib.
- Təcili tibbi yardım xidməti göstərən 3871 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 522 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.1 milyon manat ödənilib.
Nümunə 2:
- Pasiyentlərə stasionar tibbi xidmət göstərən 6416 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 9.3 milyon manat ödənilib.
Nümunə 3: Xəstəxanada çalışan həkim infeksionistin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 360 manat 58 qəpik müddətli əlavə almalıdır. 360.58 = ((375 / 26) x 5) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
Onu da qeyd edək ki, 3114 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilmişdir.
Nümunə 4: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan xadimənin 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan xadimə koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 338 manat 75 qəpik müddətli əlavə almalıdır. 338.75 = ((271 / 24) x 10) x 3. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2021-ci il tarixli 2 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2021-ci il martın 31-dək uzadılıb.