“Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”.

Bu fikirlər görkəmli rus yazıçısı, ixtisasca həkim olmuş A.P.Çexova məxsusdur. Böyük yazıçının ifadə etdiyi fikirləri bu gün həmsöhbət olduğum müsahibimə qəlb rahatlığı ilə aid edə bilərəm. Uzun illərdir şəfalı əlləri, aydın fikirləri və pak niyyəti ilə onkoloji xəstəliklərdən əziyyət çəkən xanımlara yaşamaq şansı, həyat işığı bəxş edən cərrah-onkoginekoloq Şəmistan Alıyev.

Beləliklə, Open.az-ın səhiyyə bölməsinin bu günkü müsahibi Milli Onkologiya Mərkəzinin onkoginekologiya şöbəsinin müdiri, Azərbaycanın tanınmış cərrah-onkoginekoloqu Şəmistan Alıyevdir.

Şəmistan Alıyev bacarıqlı cərrah, savadlı həkim olmaqla yanaşı həm də çox maraqlı müsahibdir.

Sizinlə söhbət etdiyim vaxt ərzində dünyada 60 qadın dünyasını dəyişib

- Şəmistan həkim, çox sağ olun ki, mənimlə söhbət etməyə razılıq verdiniz. Çünki gün ərzində 3-4 əməliyyat edən, sizin kimi bacarıqlı cərrahın istirahət vaxtını almaq qəbahətdir. Həm də sizin müsahibə verməyi sevmədinizi, gördüyünüz şərəfli işi heç zaman reklam etmədiyinizi bilirəm.

- Mən də öz növbəmdə sizə təşəkkür edirəm. Çox doğru vurğuladınız ki, sevərək icra etdiyim işimi reklam etməyi sevmirəm. Həkimin gördüyü işin reklamı onun xəstəsinin sağalması, yenidən ayağa qalxıb cəmiyyətə, millətə faydalı insan olmasıdır. Mənim özüm haqqında danışmaqdan xoşum gəlmir. Bilirsiniz niyə? Mən düşünürəm ki, cərrahın gördüyü iş göz önündə olur. Belə ki, hər bir uğurlu əməliyyat, əməliyyat etdiyim xanımların sağalması, həyata qayıdıb, sevdiyi sənəti, məsləyi ilə məşğul olması mənim uğurum, fərəhimdir. Bax, sizi belə gülərüzlü görürəmsə, buna çox sevinirəm. Mənə televiziyadan, bir çox saytlardan tez-tez müraciət edirlər. Yanıma gəlib, müsahibə almaq istəyən jurnalistlər də çox olur. Bu yaxınlarda bir neçə televiziya verilişlərindən dəvət almışdım. Amma mən iştirak etmək istədiyim proqramda konkret məsələlərdən danışmalıyam. Söhbətimin mövzusu yalnız qadın sağlamlığı olmalıdır. Təəssüf ki, son vaxtlar bəzi verilişlərdə iştirak edən həkimlər proqramın yarım saatında özlərini, yerdə qalan zamanda isə təmsil etdikləri tibb ocağını tərifləyirlər. Proqramın davamında da aparıcı, həkimi tərifləməklə məşğul olur. Amma bizim insanlara, xüsusilə də televiziya qarşısında əyləşən xanımlara elə veriliş lazım deyil. Yaxşı həkimi onsuz da tanıyırlar. Həm də gün ərzində 3-4 əməliyyatım olur. Bu qədər əməliyyatı icra edən cərrahın efirə çıxmağa vaxtı qalmır. Amma hərdən bəzi verilişlərdə iştirak edib, maarifləndirmə xarakterli çıxışlar etmək, qadınlarımıza sağlam yaşamağın formulunu vermək, doğru yol göstərmək lazımdır. Onkoginekoloq kimi qadınlarımızı narahat edən problemlərdən söhbət etmək əslində çox lazımdır.

- Şəmistan həkim, qadınlarımızı narahat edən əsas problemlər hansıdır?

- Təəssüflər olsun ki, bizə müraciət edən qadınların problemləri çox ciddi olur. Bilirsiniz, qadınlarımız özlərinə qarşı çox diqqətli olmalıdır. Vaxtında həkimə müraciət etmək lazımdır. Təəssüf ki, bizə müraciət edən qadınlara: “Siz, 8-10 ildir xəstəsiniz” deyəndə onlar təəccüblənirlər. Qadınlarımız əsasən bizə xəstəliyin irəlliləyən mərhələsində -qanaxmalar başlananda, ağırlaşma olanda müraciət edirlər. Qanaxmalar xəstəliyin irəlləyən mərhələsində, şiş toxumasının parçalanma prosesində başlanır. Bir dəfə bizə müraciət edən qadınlar arasında bir sorğu aparmışdım. Onlara: "Sizdə xərçəngin yaranması, əmələ gəlməsi səbəbini nədə görürsünüz?" deyə bir sual ünvanlamışdım. Cavablar müxtəlif idi. Qadınların bir çoxu onlarda bu xəstəliyinin yaranma səbəbinin irsi olduğunu, ekologiya, qidalanma, stresslə bağlı olmasını vurğulamışdılar. Xəstələrimizin əksəriyyəti, yəni 47 faizi bu suala cavab olaraq, "Bu mənim bəxtimdir..." demişdi. Təkcə bu cavab onu göstərir ki, qadınlar arasında sağlamlıqlarını qorumaq, xəstəliklərə düçar olmamaq üçün maariflənmə aşağıdır. Hər gün günün ikinci yarısında televiziyada müəyyən proqramlar yayımlanır. Bax, belə proqramlara bütün şöbə hətta ən ağır xəstələrimiz də oturub baxırlar. Palataya daxil olanda görürük ki, bütün şöbə ağlayır. Bunları deməkdə məqsədim bilirsiniz nədir? Əgər həmin verilişlərə, əcnəbi seriallara ayırdığımız vaxtı, zamanı maariflənmək üçün sərf etsək, həm özümüzə, həm də cəmiyyətə faydalı olarıq. Elə proqramları, filmləri seyr edən xəstələrimiz “Xərçəng-bizim bəxtimizə yazılıb. Bu bizim taleyimizdir” deyirlər.

- Doğrudanmı bu bizim bəxtimiz, taleyimizdir?

- Yox, bilirsiniz elə anlayışlar var ki, onlara yanaşma hər kəsdə fərqlidir. Diskussiya yaratmaq istəmirəm. Amma öz ailəmizdən gördüyüm bir neçə xüsusiyyətləri sizinlə bölüşəcəm. Bizim ailəmizdə valideynlərimizlə söhbətimiz kitabdan, təhsildən, elmdən, ədəb-ərkandan olub. Vaxtımızı hamı üçün mənalı görünən, bizim üçünsə mənasız şeylərə deyil, məhz belə məsələlərə həsr etmişik. İnsan vaxtını, zamanını mənalı işlərə həsr edəndə, mənasız məsələlər beynini zəbt etmir. Qadınlarımız xüsusilə də şəhər mühitində yaşayan xanımlar son illər aktivləşiblər. Buraya elm, sənət, səhiyyə, biznes və. s. sahələr çalışan xanımlarımızı aid edirəm. Bütün sahələrdə qadının fəaliyyəti çoxdur. Üstəlik ailə, məişət qayğıları və.s. bunların üzərinə gələndə qadınlarımızın zamanı məhdudlaşır. Amma bu o demək deyil ki, xanımlarımız sağlamlıqlarına vaxt ayırmasınlar. Hər bir qadın heç olmasa ildə bir dəfə onkoginekoloqun qəbulunda olmalıdır. Bəzən pasiyentlərimizə “Həkimə niyə gec müraciət etmisiniz?” sözünü deyəndə, səbəb kimi pulsuzluğu önə çəkirlər. Ümumiyyətlə, son illər qəribə tendensiya yaranıb. Qəbulumuza gec gələn, artıq xəstəlik aşkar olunmuş qadınlarımızın bir hissəsi pulsuzluqdan, bir hissəsi isə zamansızlıqdan həkimə gec müraciət etdiklərini bildirirlər. Hər bir xanım il ərzində gözəllik salonlarında, müxtəlif məkanlarda sərf etdiyi vaxtı və maddiyatı heç olmasa ildə iki dəfə sağlamlığına xərcləsə çox gözəl olar. Sözsüz ki, dünyanın heç bir yerində səhiyyə pulsuz deyil. Amma dünyada tibbi sığorta sistemi mövcuddur. Yaxın zamanlarda bizdə də tibbi sığorta olacaq. Artıq buna hazırlaşırıq. Ümid edirik ki, heç olmasa o zaman qadınlarımız sağlamlıqlarına zaman ayırar və vaxtında həkimə müraciət edərlər.

Sizinlə söhbət etdiyim vaxt ərzində dünyada 60 qadın dünyasını dəyişib

- Son illər mətbuatda, televiziyada həkimlərin səhvi, səhlənkarlığı ucbatından həyatını itirən, əlil olan insanlar haqqında tez-tez müxtəlif yazılara, xəbərlərə rast gəlirik. Sizin bu məsələyə münasibətinizi öyrənmək istəyirəm.

- Bilirsiniz, bu məsələyə münasibət bildirərkən əvvəlcə onu demək istəyirəm ki, son illər Azərbaycanda həkim və müəllim adının nüfuzu çox tapdalanır. Məsələn, konkret olaraq onkoloji xəstəliklərdən danışaq. İnsan, onkoloji xəstəlikdən dünyasını dəyişir. Bu xəbər televiziyada, mətbuatda qabardılıb, elə tərzdə təqdim olunur ki, “Azərbaycan həkimləri filan şəxsin onkoloji xəstəliyinin qarşısını ala bilmədi...” Bu belə deyil. Hər il dünyada müxtəlif patalogiyalar, o cümlədən onkoloji xəstəliklərdən milyonlarla insan dünyasını dəyişir. Konkret olaraq uşaqlıq boynunun xərçəngindən danışsaq, bu məsələ dünya səhiyyəsində çox aktualdır. Bu sahə ilə məşğul olan həkim kimi onu deyə bilərəm ki, biz əlimizdən gələni edirik. Təəssüf ki, yaxşı həkimlərin gördüyü işlər, uğurlu əməliyyatlar az nümayiş olunur. Daha çox neqativ hallar qabardılır. Həkim və müəllim adının nüfuzunun aşağı salınmasından boş yerə misal çəkmirəm. Məsələn, son illər Azərbaycanda çoxlu filmlər, seriallar çəkilir. Bir çox filmləri elə xəstəxanalarda ekranlaşdırırlar. Son illər çəkilən hansı filmdə, serialda qəhrəman həkim obrazına rast gəlmisiniz? Və ya hansısa bir filmdə həkimin, müəllimin şərəfini, onun adını uca tutan obrazlar yaradılıb?

Sizinlə söhbət etdiyim vaxt ərzində dünyada 60 qadın dünyasını dəyişib

- Düşündürücü sualdır. Düzü siz soruşanda mən də xatırlamadım. Yenə də sovet dövründə ekranlaşdırılan “Ögey ana”, “Qızmar günəş altında”, “Bizim Cəbiş müəllim” kimi filmlər “Göz həkimi” kimi tamaşalar yadıma düşdü. O dövrdə çəkilən filmlərdə qəhrəman həkim və müəllim obrazları var idi...

- Doğru misal çəkdiniz. Amma o filmlər, tamaşalar sovet dövründə ekranlara çıxıb və üzərindən 40-50 il keçib. Həmin filmlərə bu gün baxıb, müəllim və ya həkim olmaq istəyən az adam ola bilər. Bunları deməkdə məqsədim var. Bir çox ölkələrdə həkimə, müəllimə çox böyük hörmət var. Düzdür hər sahədə olduğu kimi həkimlərin də arasında öz peşəsinin nüfuzunu aşağı salan, öz vəzifəsinin öhdəsindən gələ bilməyənlər var. Elə həkimlərin müzakirə obyekti olmasının mən də tərəfdarıyam. Amma bütün həkimlərin adını ləkələmək, peşəsinin öhdəsindən layiqincə gəlməyənlərin ucbatından yaxşı həkimlərdən də üz döndərmək olmaz. Həkimə o adamlar düzgün qiymət verirlər ki, onlar həkimin çəkdiyi əzab-əziyyətləri bilirlər. Çünki həkim hər hansı bir səviyyəyə çatmaq, standartlara uyğun müalicə aparmaq üçün çox zəhmət çəkir, bütün həyatını sevdiyi peşəsinə həsr edir. Təkcə Tibb Universitetini qurtarıb, yüksək səviyyədə müalicə aparmaq, görkəmli cərrah olmaq mümkün deyil. Görkəmli cərrah, bacarıqlı həkim olmağın arxasında həm maddi, həm də mənəvi cəhətdən çox əziyyətlər, yuxusuz gecələr, müxtəlif xarici ölkələrin xəstəxanalarında yaşadığın uzun təcrübələr dayanır. Sizə deyim ki, xarici ölkədə həkimlik peşəsinə yiyələnmək, təcrübə keçmək azərbaycanlılar üçün çox çətindir. Çünki, əcnəbi vətəndaşsan, orada heç bir haqqın-hüququn yoxdur. Atdığın hər bir addıma görə çoxlu vəsait xərcləməlisən. Bəzi Avropa dövlətlərində bizim ölkəni ümumiyyətlə tanımırlar. Deməli sən, təmsil etdiyin ölkəni və özünü yüksək səviyyədə tanıtmalısan. Yalnız bundan sonra qarşındakı insanlar sənə inanıb, nəyisə öyrədə bilərlər.

- Sizi onkoginekoloq-cərrah kimi çox istəyirlər. Qəbulunuza gələn xəstələr sizə inanırlar. Ona görə də sizin haqqınızda kiminsə başqa fikirdə olacağına inanmıram.

- Təvəzökarlıqdan kənar da olsa bilirəm ki, pasiyentlərim mənə çox inanırlar. Həkimin uğuru xəstənin ona qarşı olan inamından başlayır. Şükürlər olsun ki, bu günədək özümə qarşı hörmətsizlik görməmişəm. Çünki özüm də elə bir şərait yaratmamışam. Mətbuat və televiziya ilə, həmçinin işinizə yüksək qiymət verdiyim jurnalistlərlə heç bir problemim olmayıb. Müəyyən məsələləri dilə gətirib, şikayətlənməyimin səbəbi odur ki, hər həkimin yanına onu tanıyan, işinə hörmət edən jurnalistlər müsahibə almağa gəlmir. Bilirsiniz, Azərbaycanda məndən də qat-qat artıq həkimlər var ki, cəmiyyətdə onları tanımırlar.

Sizinlə söhbət etdiyim vaxt ərzində dünyada 60 qadın dünyasını dəyişib

- İnşallah, belə yazıların sayı çoxaldıqca tanıyarlar.

- Şəmistan həkim, söhbətimizin bu məqamında sizi oxucularımızla yaxından tanış etmək istəyirəm. Ona görə də xahiş edirəm ki, özünüz haqqında qısa da olsa məlumat verəsiniz.

- Məmnuniyyətlə. 1980-ci il sentyabrın 26-da Qərbi Azərbaycanda həkim ailəsində anadan olmuşam. Atam, anam, bacım, həyat yoldaşım və bütün qohumlarım həkimdir. Demək olar ki, nəslimizdə hamı həkimdir. Ona görə də məndə bu peşəyə sevgi, məhəbbət genlə keçib. Yadımdadır, uşaq olanda bacımla oynadığımız oyunlar da həkimliklə bağlı olardı. Bilirsiniz, həkimlik peşədir. Əgər hər hansı bir peşəyə uşaq vaxtından həvəs olmayacaqsa, heç kimi zorla, məcburən o sahəyə yönəltmək lazım deyil. Tibb Universitetində təhsil aldığım illərdə şahidi olmuşam ki, valideyn bir zamanlar özünün xəyalı olan və həyata keçirə bilmədiyi həkimlik arzusunu məcburən övladında görməyə çalışıb. Ona görə də övladlarını zorla həkim etmək istəyən valideynlərlərin hesabına peşəsinin öhdəsindən layiqincə gələ bilməyən həkimlərin sayı sonralar çoxaldı. Tələbə yoldaşlarımdan bir çoxu sonradan həkim olmadı. II-III kursda anladılar ki, bu əzab-əziyyəti davam etdirmək lazım deyil. Ona görə də təhsillərini yarımçıq qoyub başqa sahədə çalışmağa getdilər. Və bir çoxu öz sahəsində tanınmış aparıcı mütəxəssis oldu. Belə halları yaradan valideynlər əslində böyük səhv edirlər. Çünki, o boyda Tibb Universitetində kiminsə yerini tutmaq düzgün deyil. Ona görə də bu peşəyə həvəs uşaqlıqdan olmalıdır. Həvəs və istək olmasa həkim olmaq mümkün deyil. Mən evdə övladlarıma da bu sözləri deyirəm. Övladlarım kiçik olsalar da gələcəkdə onların həkimliyə həvəslərinin olmadığını görsəm, heç zaman bu sahəyə yönəltməyəcəm. Hərçənd böyük oğlumun həvəsi, marağı həkimliyədir. Artıq hiss edirəm ki, ailədə gələcəyin həkimi böyüyür. Şükürlər olsun ki, Allah Təala mənə gözəl ailə bəxş edib. İki oğlum var. Çox xoşbəxtəm. Ailəmdən çox razıyam. Xüsusilə valideynlərimə çox minnətdaram. Əldə etdiyim nailiyyətlərdə valideynlərimin rolu böyükdür. Allaha hər gün dua və şükür edirəm ki, belə bir ailəyə sahibəm.

- Allah ailənizi qorusun.

- Demək, ilk təhsilinizi Azərbaycanda, alıdınız. Sonra isə müxtəlif xarici dövlətlərdə təcrübə keçib, Vətənə qayıtdınız.

- Elədir. Nə yaxşı ki, xaricdən qayıdanda Respublikamızda Milli Onkologiya Mərkəzinin olduğunu gördüm. Allaha çox şükür olsun ki, burada Cəmil müəllim kimi insan, müasir düşüncəli bir rəhbərlə tanış oldum. O zamandan bu günədək böyük məmnuniyyətlə Akademik Cəmil Əliyevin rəhbərliyi altında çalışıram. Və Azərbaycandan kənarda özümü başqa yerdə görmürəm. Nə yaxşı ki, Cəmil müəllim kimi insanlar, rəhbərlər var. Ümumiyyətlə, Azərbaycan onkologiyası bir məktəbdir. İllərdir bu sahə ilə məşğul olan aparıcı həkimlər, mütəxəssislər var. Amma onkologiyada digər ixtisaslardan fərqli olaraq 15-20 il, hətta 5 il əvvəl olan metodlar bu gün gündəmdə deyil. Məsələn, 10-15 il əvvəl uşaqlıq boynu və ya süd vəzi xərçəngində bütöv orqanı kəsib götürmək yeganə yol hesab edilirdisə, bu gün elmin, texnologiyaların inkişafı ilə əlaqədar bəzi onkoloji xəstəliklərdə orqan qoruyucu əməliyyatları icra edə bilirik. Bu illər ərzində böyük inkişaf yolu keçmişik. Uğurlarımızın hamısı bir insanın – hörmətli akademikimiz Cəmil Əliyevin adı ilə bağlıdır. Həmçinin dövlətimiz də sağ olsun ki, belə bir mərkəzin yaradılmasına şərait yaradıb. Milli Onkologiya Mərkəzində ən müasir, yüksək səviyyədə olan avadanlıqlar var. Ola bilər ki, çox insanlar bunu başa düşmür, əhəmiyyətini anlamırlar və ya anlamaq istəmirlər. Bilirsiniz, yüksək dünyagörüşü, intellekti olan adamlar 20 il əvvəlki Azərbaycan onkologiyası ilə bu günün fərqini yaxşı görürlər.

-Şəmistan həkim, 9 ildir rəhbərlik etdiyiniz şöbədə xanımlarla çalışırsınız. Qadın həkimlərlə çalışmaq, onlara rəhbərlik etmək necə hissdir?

- Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsində olan qadın həkimlərlə çalışmaq bir tərəfdən asan, o biri tərəfdən isə çətin və məsuliyyətlidir. Qadınlarla dil tapmaq bir az çətin olur. Bəzən qadınlar biri-biri ilə dil tapa bilmir. Qaldı kişilər xanımlarla. Amma burada tamam başqa ab-hava var. Bizim şöbədə qadın-kişi fərqi yoxdur. Əsas odur ki, həkim işinin mütəxəssisi olmalıdır. Hər gün bizə nə qədər xəstə müraciət edir. Onların narahatlıqlarını dinləmək, hər birini razı yola salmaq çox çətin və böyük məsuliyyət tələb edir. Gün ərzində onlarla xəstələr müraciət edirlər ki, Milli Onkologiya Mərkəzində bizə qoyulan diaqnozla bağlı Türkiyə, Almaniyada olan onkoloqlara da müraciət etmişdik. Amma onlar da eyni sözü dedilər. Bu göstəricinin özü həkimlərimizin yüksək peşəkarlığından xəbər verir. Təbii ki, dəqiq diaqnoz, düzgün müalicə üçün həkim hər zaman öz üzərində çalışmalıdır. Şəxsən mən, 3-4 ay hər hansı Beynəlxalq Konfransda iştirak etməsəm hiss edirəm ki, durğunluq yaranır. İnsana elə gəlir ki, sanki geridə qalmısan. Dünya səhiyyəsində inkişaf çox sürətli gedir. Ona görə də tempi saxlamaq üçün tez-tez Beynəlxalq konfranslarda, elmi seminarlarda iştirak etmək yeni texnologiyalar ilə maraqlanmaq, məlumatlı olmaq mütləqdir.

Sizinlə söhbət etdiyim vaxt ərzində dünyada 60 qadın dünyasını dəyişib

- Siz Beynəlxalq Konfranslarda tez-tez iştirak edirsiniz...

- Təbii ki, getməliyik. Bu bizim borcumuzdur. Rəhbərlik də sağ olsun ki, hər zaman bizə kömək edir. Çalışırıq ki, biliyimizi, bacarığımızı daima artıraq. Həmçinin, son illər MOM-ə xaricdən çox sayda qonaqlar gəlir. Bizim Mərkəzlə qarşılıqlı əməkdaşlıq etmək barədə müqavilələrə imza atırlar.

- Noyabrda Bakıda nüfuzlu Beynəlxalq Konfransın keçiriləcəyini söyləmişdiniz

- Bəli. Noyabr ayında Bakıda böyük konfrans keçirmək istəyirik. Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə təşkil edilən konfransda dünyanın çox sayda sayılıb, seçilən məşhur onkoloqları iştirak edəcəklər.

-Təəssüflər olsun ki, onkoloji xəstəliklər gün keçdikcə durmadan, artır. Söhbətimizin əvvəlində bu vaxt müddətində dünyada nə qədər qadının vəfat etdiyini bildirdiniz...

- Təəssüf ki, elədir. Onkoloji xəstəliklərin sayı bütün dünyada ildən-ilə artır və bu artım ölüm sayının da artması deməkdir. Düzdür texnologiyalar, müalicə növləri inkişaf edir. Bunların hamısı xəstənin ömrünün uzanmasına gətirib çıxarır. Uşaqlıq boynu, yumurtalıq və uşaqlıq xərçəngi dünyada hər il yüz minlərlə qadında aşkar olunur. Hər il bu xəstəlikdən əziyyət çəkən qadınların böyük hissəsi dünyasını dəyişir. Ümumiyyətlə, hər il dünyada 500-700 min qadın onkoginekoloji xəstəliklərdən vəfat edir. Uşaqlıq boynu xərçəngindən danışsaq, vəziyyət daha da acınacaqlıdır. Dünyada 2 dəqiqə ərzində 1 qadın uşaqlıq boynu xərçəngindən vəfat edir. Sizinlə söhbət etdiyim yarım saat ərzində dünyada 60 qadın dünyasını dəyişib. Əlbəttdə bu xəstəliyin aşkar edilməsi və ölüm hallarının artmasının dövlətdən dövlətə fərqi var. Onkoloji xəstəliklər inkişaf etməmiş dövlətlərdə məsələn Afrikanın bir çox şəhərlərində çox acınacaqlı vəziyyətdədir. Onların hesabına da bu göstərici çox yüksəkdir. Məsələn, bu gün Yaponiyanın səhiyyəsi dünya səhiyyəsini bir əsrə yaxın qabaqlayıb. Bu faktdır. Çox dövlətlərdə xərçənginin ilkin mərhələsində xəstəliyin diaqnostikasını dəqiqləşdirmək çətindir. Amma Yapon alimləri həmin lokalizasiyalı xərçəngləri minimal səviyyəyə gətirib çıxarıblar.

Sizinlə söhbət etdiyim vaxt ərzində dünyada 60 qadın dünyasını dəyişib

-Onlar bunu necə aşkar edirlər?

- Onlar buna texnologiyalarının inkişafı vasitəsilə nail olublar.

- Həmin texnologiyanın bizə gəlib, çatması çox çəkər?

- Qeyd etdiyim kimi, Yaponiyanın səhiyyəsi bütün dünyanı on illərlə qabaqlayıb. Bir neçə onilliklərdən sonra həmin texnologiyalarla bizlər də tanış olacayıq.

- Söhbətimizin sonunda istəyirəm ki, qadınlarımıza müraciət edəsiniz. Yəni nə zaman, hansı simptomları görəndə təcili, gecikmədən həkimə müraciət etsinlər?

- Onkoginekoloq-cərrah olaraq, qadınlarımıza ilk başda sağlam həyat tərzi sürməyi məsləhət görürəm. Sağlam həyat tərzinə - təmiz havada gəzmək, düzgün qidalanmaq, özünə qulluq, şəxsi gigiyena qaydalarına riayət etmək, stressdən uzaq olmaq, düzgün düşünmək imkanı əldə etmək, dəbin arxasınca qaçmamaq və.s daxildir. Dəbin arxasınca qaçmamaq söhbətini nahaq yerə vurğulamadım. Belə ki, son illər gənc qızlarımız dar alt paltarları, dar şalvarlar geyinirlər. Amerikada hansısa dar cins dəbdədirsə, onu hər kəsin geyinəcəyi kimi bir qayda-qanun yoxdur. Dar geyimlər inkişafda olan qadın bədəni üçün çox təhlükəlidir. Qətiyyən olmaz. Belə geyimlərdən istifadə etmək təhlükəli və ziyandır. Dar geyimlər dəbdir, mən də ondan geyinim düşüncəsi insanların şüurunun deqradasiyası deməkdir. Sizə deyim ki, geyim məsələsi tək qadınlarımıza yox, həm də kişilərimizə, gənc oğlanlarımıza lazımdır. İnsanlar geyim düşüncələrini normaya gətirməlidirlər. Allahın bizə bəxş etdiyi daxili enerjini, ruhu təmiz saxlamaq, normaya salmaq lazımdır. Hər bir şey insanın düzgün düşünməsindən başlayır. İnsan düzgün düşünəndə hər şey onun ardınca gəlir. İnsan özünə ziyan gətirən hər nə varsa, ondan uzaqlaşmalıdır. Sənə yaraşan nədirsə, onu geyinmək lazımdır. Bizim qadınlarımız hansısa bir xarici aktrisanın geyindiyi alt və üst geyimlərinin ideal olduğunu düşünürlər və ağına-bozuna baxmadan həmin markadan əldə edib geyinirlər. Təəssüflər olsun ki, bu gün insani dəyərləri dəyişib. Bəzən qarşıdan gələn adama baxıb, kişi və ya qadın olduğunu müəyyən edə bilmirsən. Qadınlarımız sağlam həyat tərzi sürməli, düzgün qidalanıb, idmanla məşğul olmalı və heç olmasa ildə bir dəfə həkim onkoginekoloqun baxışından keçməlidirlər.

- Sirr deyil ki, sizin məşhur pasiyentləriniz də çox olub.

- Bəli. Bilirsiniz, mənim üçün çox sevindirici haldır ki, bizim çox tanınmış mədəniyyət, incəsənət, elm xadimlərimiz, Azərbaycan səhiyyəsinə inanırlar. Təbii ki, mənim yanıma gələnlər, müraciət edənlər çox olub. Çoxlarını Allahın köməkliyi ilə sağaldıb, həyata qaytara bilmişik. Hörmətli, akademik Cəmil müəllimin sayəsində Milli Onkologiya Mərkəzində elə bir siyasət qurulub ki, hər bir sənət adamı, tanınmış insanlara böyük hörmət var. Tanınmış sənət adamlarımızın bir çoxu müxtəlif zamanlarda əməliyyat edilib və sağlamlıqlarına qovuşublar.

- Amma dünyasını dəyişənlər də kifayət qədər çox olub

- Təbii ki, dünyasını dəyişənlər də olub. Bu onkoloji xəstəlikdir. Bu xəstəlikdən nəinki tanınmış insanlar, onkoloq həkimlərinin özləri də vəfat ediblər. Bu xəstəlik böyük bir bəladır. Təbii ki, bizdən narazı qalanlar da var. Amma razı qalanların sayı daha çoxdur. Mən Allahın varlığına inanıram. Düşünürəm ki, Allaha inanan, əməllərində düzlük, doğruluğ olan, şər-böhtandan uzaq olan insanın yaradan həmişə köməyində olacaq. İnsanlarda gözəl keyfiyyətləri dəyərləndirirəm. Nifrət etdiyim, heç zaman bağışlamadığım xüsusiyyət isə şər, yalan, böhtandır.

ÜLVİYYƏ HƏSƏNQIZI

Sizinlə söhbət etdiyim vaxt ərzində dünyada 60 qadın dünyasını dəyişib