Səhiyyə Nazirliyinin “Azərbaycanda qida təhülkəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Tədbirlər planı təsdiqlənib.

Open.az xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Tədbirlər planına əsasən, bu il ərzində “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, sənədə rəy və təkliflərin hazırlanması, eləcə də sanitariya, baytarlıq və fitosanitar norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması və ya yeni norma və qaydaların hazırlanması nəzərdə tutulub.

Həmçinin ölkədə qida mənşəli xəstəliklər üzrə təhlillər aparılması və məlumat bazasının yaradılması da tədbirlər planında öz əksini tapıb.

Bundan başqa, pəhriz, uşaq yeməkləri və s. istehsalına, emalına, eləcə də dövriyyəsinə dair tələblərin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.

Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.