Narkotik istifadəçilərinin sayını dəqiq söyləmək mümkün deyil. Lənkəran rayonunda da narkotik vasitələrin istifadəçisi və aludəçisi arzu olunmayacaq dərəcədə çoxdur. Dəqiq statistika söyləmək ona görə mümkün deyil ki, bu bəlaya düçar olanlar uzun müddət əməllərini gizlətməyə çalışırlar.

On beş ilə yaxın narkotik vasitələrdən istifadə edən T.B. "Report"un Cənub Mərkəzinə bildirib ki, ilk dəfə narkotik vasitədən Rusiya Federasiyasında ali təhsil aldığı zaman istifadə edib.

O, tanışı olan qadının istifadə etdiyini görüb və özü də sınaqdan keçirib. Bir neçə dəfədən sonra orqanizmində tələbatın yarandığını, ağrılarının başladığını hiss edib: "Pulum var idi. Bahalı narkotik maddələr qəbul edirdim. 10 ilə yaxın heç kimə hiss etdirmədim. Sonradan pul çatdıra bilmirdim. Evimi satdım. İki övladım var. Ailəm dağıldı. İndi üzümə deməsələr də, bilirəm ki, mənə it kimi baxırlar və arxamdan nalayiq sözlər deyillər. İki ali məktəb qurtarmışam. Özümü pis günə qoydum. Bu yolda olanlardan elələri var ki, xain olurlar. Başqalarını da xəstələndirirlər. Virus xəstəsi olduqlarını bilə-bilə eyni şpirisdən istifadə edib, gəncləri də zəhərləyirlər".

Digər bir narkotik maddə asıllığı olan R.A. "Report"un Cənub Mərkəzinə bildirib ki, 10 ilə yaxındır ki, narkotik maddədən istifadə edir, lakin ailəsi onun aludəçi olduğunu bilmir: "Üç dəfə müxtəlif vaxtlarda uzaqlaşmağa cəhd eləsəm də, yenidən bu bataqlığa düşmüşəm. Gündə 20-30 manat lazımdır ki, vəziyyətdən çıxasan. Hardan gəldi, necə gəldi pul əldə eləmək məcburiyyətindəsən. Hər bir işə əl atmağa hazırsan, təki lazım olan dozanı tapasan. Narkotik maddəni əldə eləməyin yolları çoxdur. Ya vasitəçilər olur, iki-üç əldən keçir. Eləsi də var evini tanıyırsan. Gedib pulunu verib alırsan. Yaxşı pulun varsa, heç kimin dalınca düşmürsən. Özləri gətirib çatdırırlar. İndi belə vəziyyətdəyəm ki, özümü asıb canımı qurtarmaq istəyirəm. Yenə uşaqlar qalır gözümün qabağında. Hazırda yenidən müalicə alıram. Canımı qurtarmağa çalışıram".

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Laboratoriyasından "Report"un Cənub Mərkəzinə verilən məlumata görə, QİÇS-ə yoluxanlar arasında inksiya yolu ilə (şprislə) yoluxma halları hələ də çoxluq təşkil edir.

Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev bildirib ki, 2001-ci ildə narkoloji xidmət və nəzarət haqqında qanun qəbul olunub və 2015-2020-ci illər üzrə Dövlət Proqramı hazırlanıb.

V.Əliyev əlavə edib ki, görülən profilaktik tədbirlərlə yanaşı, xəstəxanada hər il yüzlərlə xəstə stasionar və ambulator müayinə və müalicələrdən keçir: "Cənub bölgəsi sərhədə yaxın bölgədir. Obyektiv və subyektiv səbəblərdən bizim rayonumuzda da narkotik istifadəçiləri az deyil. Statistikada olan artım aşkarolunmaların keyfiyyətinin yüksəlməsi ilə əlaqədardır. Son illərdə aparılan məqsədyönlü işlərin sayəsində rayonumuzda yeniyetmə və gənclər arasında artım dinamikası müşahidə olunmur. İstifadəçilərin, əsasən, 30-45 yaş arasında daha çox olduğunu görürük. Bizdə xəstələrin ənənəvi üsullarla müalicəsi həyata keçirilir. Qərb təcrübəsində isə daha fərqli metodlar tətbiq olunur. Naltrekson müalicə metodu var ki, istifadəçi narkotik vasitəni qəbul etdiyi halda belə təsiri olmur və artıq bu zərərli vərdişdən uzaqlaşır."

Open.az "Report"un Cənub Mərkəzinin narkotik vasitələrin istifadəçisi və aludəçisi olan şəxslərin etirafları, bu sahədə Lənkəranda görülən işlər barədə hazırladığı videoreportajı təqdim edir: