İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Open.az-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Qeyd olunub ki onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət etmişdir. Müayinə zamanı onda pnevmoniya müəyyən edilmiş, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləmişdir. Hazırda pasiyentin vəziyyəti kafidir.

Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınmış və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanmışdır. Onların səhhəti normaldir, hərarətləri yoxdur, vəziyyətləri kafidir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.