"Körpələrdə sidik axarının obstruksiyası və defekti, böyrək çatışmazlığı, urosepsis" diaqnozu ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) qəbul edilən körpə üzərində mürəkkəb əməliyyat uğurla başa çatıb.

Mərkəzdən Open.az-a verilən məlumata görə, əməliyyat urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib.

"Körpələrdə sidik axarının obstruksiyası və defekti ciddi anadangəlmə qüsurlardandır. Erkən müdaxilə olmazsa, sidik yolu infeksiyalarının inkişafına, böyrək çatışmazlığına gətirib çıxara bilər. Urosepsis sidik yolu infeksiyalarının müalicə edilməməsi və inkişafı səbəbindən yaranan xəstəlikdir. Müalicə edilməzsə, hətta ölüm ilə nəticələnə bilər. İki aylıq körpəmizdə insan həyatı üçün böyük təhlükə yaradan bir neçə uroloji problem mövcud idi. Tərəfimizdən konsilium və intensiv müalicə aparıldıqdan sonra təcili əməliyyata qərar verdik və olduqca mürəkkəb rekonstruktiv əməliyyat həyata keçirdik. Hazırda körpənin vəziyyəti yaxşıdır", - deyə şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan bildirib.