Bu gün müsahib kimi təqdim etdiyim şəxs sənət adamı deyil. Cavan olmasına baxmayaraq, ömrünün 17 ilini Milli Onkologiya Mərkəzinə həsr edən, tibb üzrə fəlsəfə doktoru, onkoginekoloq-cərrah, hazırda isə Baku Medikal Plazada çalışan bacarıqlı həkim Günay Məmmədbəylini tanıtmaq, onun kimi bacarıqlı, savadlı həkimlərimizin olduğunu oxuculara təqdim etmək istəyirəm.

Günay Məmmədbəyli kimi vicdanlı həkimlərimiz nə qədər çox olsa, həyatla ölüm arasında qalıb, gündən-günə ümidlərini itirən xəstələrin sayı bir qədər azalar. Savadlı həkim xəstənin ümid yeridir.

Tibb üzrə fəlsəfə doktoru, onkoginekoloq-cərrah Günay Məmmədbəylinin Open.az-a müsahibəsi.

- Günay xanım, sizinlə son görüşümüz xəstəxana şəraitində olmuşdu. O zaman bu günləri xəyalıma belə gətirə bilməzdim. Bu gün isə sizinlə həkimin qəbuluna gələn xəstə kimi yox, jurnalist kimi söhbət etmək istəyirəm. Məkanımız da başqadır.

- Elədir. Allaha şükürlər olsun ki, sənin kimi həyata qaytardığımız və bu gün sevimli işi, sənəti ilə məşğul olan keçmiş xəstələrimizin sayı çoxdur. Ağır müalicə kursundan sonra sağalan, həyata qayıdan xanımlarımızı görəndə bir həkim kimi çox sevinirəm. Məkanımızın başqalığına gəlincə isə, uzun illər Milli Onkologiya Mərkəzində fəaliyyət göstərdim. Amma bir müddət əvvəl oradan ayrılıb, bu xəstəxanada öz işimi davam etdirirəm.

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

- Günay xanım, oxucularımızın sizinlə tanış olması üçün bir az keçmişdən, tələbəlik illərinizdən danışın. Günay Məmmədbəylinin kim olduğunu, hansı ailədə doğulduğunu öyrənək. Ananız, Aygün xanımın gözəl həkim olduğundan xəbərim var...

- Mən 1984-cü il avqustun 5-də Bakıda anadan olmuşam. Ailəmiz həkimlərdən ibarətdir. Nəinki, ailəmiz mənim ata və ana tərəfdən olan qohumlarım, bütün nəslimiz səhiyyə işçilərindən ibarətdir. Siz təkcə anamı tanıyırsınız. Anam göz həkimidir.Nənəm, babam, ulu babam, ulu nənəm hamısı həkim olub. Ulu babam Türbət Məlikaslanov psixiatr idi.

- Siz o, məşhur Məlikaslanovlar nəslindənsiniz?

- Bəli. Biz Bakılıyıq. Ana nənəm isə Şuşalıdır.Ulu nənəm Zümrüd Məlikaslanova Respublikanın Əməkdar pediatrı olub. Babam Yüzbaşı Məmmədov indiki Mərkəzi Klinika o zamankı “Leçkomissiya”nın Baş həkimi olmaqla yanaşı, həm də polkovnik rütbəli hərbi həkim idi.

Nənəm Tibb Universitetində Göz xəstəlikləri kafedrasının dosenti olub. O biri nənəm isə 25 il Bakıdakı 18 saylı Poliklinikanın Baş həkimi olub. Dünyasını dəyişəndə vida mərasimi də Poliklinikada oldu. Bir sözlə bizim nəsil həkimlərdən ibarətdir. Ona görə də sənət seçəndə mənim başqa variantım yox idi. Mən mütləq həkim olmalıydım. Ailəmizdə təkcə atam həkim deyil. Atam filosofdur. İnstitutların birində Fəlsəfə kafedrasının müdiri vəzifəsini daşıyır. Qardaşım da həkimliyi seçmədi.

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

- Heç olmasa ailədə həkim olmayan kimsə var...

- (Gülür) Bəli. Böyük çoxluğun içərisində bir-iki nəfər başqa sənət sahibidir. Bir sözlə bizim böyük nəslimizdə hamı həkimdir. Sadalasam, gərək axşama qədər burada oturaq.

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

- Nəslinizdə olan bu qədər həkimlərin içində ginekoloq olub?

- Əmim ginekoloq idi. Amma mənim ginekoloq olmağımı istəmirdilər.

- Niyə?

- Atam deyirdi ki, ginekoloq qadınların gecəsi-gündüzü olmur. Evdə tapılmırlar, ginekoloq qadınların istirahət, bayram günləri çox zaman iş başında keçir.

- Elə bizim sənətimiz kimi. Jurnalistlərin də bayramı, istirahəti olmur.

- Doğrudur. Sadəcə atam, qardaşının çəkdiyi əziyyəti görürdü. Əmim bəzən günlərlə evə gedə bilmirdi. Xəstəxanada qalmalı olurdu. Bizim evimiz xəstəxanaya yaxın olduğuna görə, çox vaxt ayaqüstü bizə gəlib nahar edər, sonra da yenidən xəstəxanaya qayıdardı. Atam da bunlara şahid olduğuna görə, mənim ginekoloq olmağımı istəmirdi. Amma əmimin əziyyətlərini görməyimə baxmayaraq, bu sahəyə gələcəyim təqdirdə mütləq ginekoloq, həmdə onkoginekoloq olmaq istəyirdim. Çünki keçmişdə Onkologiyaya getmək istəyən az idi.

- Niyə istəmirdilər?

- Bilirsiniz niyə? Mən sizə ana-atamın dövründən danışıram. 70-80-ci illərdə Onkologiyaya getmək istəyən az idi. Çünki, Respublikada xəstəxanalar, avadanlıqlar yox idi. İmkanlar çox zəif idi. Müalicə yox idi. Profil bilinmirdi. Ona görə də hamı düşünürdü ki, onsuzda bu xəstəliyin sağalma şansı yoxdur. Bu gün isə şükürlər olsun ki, elə deyil. Hörmətli akademik Cəmil Əliyevin sayəsində çox böyük işlər görülüb. Bu gün bizim Respublikada Milli Onkologiya Mərkəzi var. Mərkəzdə mövcud olmayan cihaz, avadanlıq demək olar ki, yox dərəcəsindədir. Məsələn, 1980-ci ildə Bakıda UZİ aparatı yox idi. Bu gün isə bizdə yüksək səviyyəli maqnit-rezonans tomoqraflar var. Belə olan halda hansı həkim istəməz ki, müasir şəraiti olan xəstəxanada çalışmasın. Həm də dünyada bu sahə üzrə böyük işlər aparılır. Bu gün bəzi viruslar təyin olunub ki, məhz onlar xərçəngi yaradır. Artıq ümidimiz var ki, günlərin birində bu xəstəliyin yaranma səbəbi tapılacaq.

- Günay xanım, Tibb Universitetinə neçənci ildə daxil olmusunuz?

- 2001-ci ildə 175 saylı orta məktəbi əlaçı kimi bitirib, Tibb Universitetinə qəbul oldum. Orta məktəbdə əla oxumuşam. Şəklim "Şərəf lövhəsi"ndən asılardı. Sizə bir faktı da deyim ki, məktəbi bitirən il, hüquqşünas olmaq istəyirdim. Hətta bir müddət ağlayırdım ki, "Həkim olmayacam. Sənədlərimi hüquq fakültəsinə verəcəm".

- Böyük nəslin sənət yolunu davam etdirmək istəmirdiniz?

- Bir müddət o fikirdən yayınmışdım. Amma anam razı olmadı. Ailə, qəti qərar vermişdi. Yəni bir variant var idi. O da həkim olmaq. Sonra düşündüm ki, bəlkə qəbul olmaram və ya bir il təhsil alıb, Tibb Universitetindən gedərəm. Amma şir bürcündən olan adamların belə xarakteri olur. Başladıqları işi sonadək və vicdanla həyata keçirmək. Mən də Tibb Universitetinə daxil oldum və 7 il təhsil aldım. Yenə də şəklim "Şərəf lövhəsi"ni bəzədi. Sizə deyim ki, Tibb Universitetində "Şərəf lövhəsi"nə düşmək çətin məsələdir. Yəni, oxumaq, həm də gecə-gündüz bilmədən çox oxumaq lazımdır. Tibb Universitetində 3-cü kursda oxuyanda bizi Onkologiya Mərkəzinə tibb bacısı kursuna göndərdilər. Həmin kursları keçəndən sonra biz hər hansı xəstəxanada tibb bacısı kimi çalışa bilərdik. Və ilk dəfə 19 yaşımdan Kimyaterapiya şöbəsində tibb bacısı kimi işə başladım.

- Günay xanım, gənc qızın ilk dəfə onkoloji xəstələrlə tanışlığı hansı hissləri oyadırdı. Ölümlə pəncələşən xəstələrlə birbaşa ünsiyyətdə olmaq hər halda çox çətindir...

- Bilirsiniz, babam psixiatr olduğuna görə, əvvəllər mən də o sahəni seçmək istəyirdim. Sadəcə əlaçı olduğuma görə, məni cərrahiyyə şöbəsinə yönəltmişdilər. O baxımdan psixologiyanı yaxşı bilirdim. Həm də mənim ulu babam 3 saylı Sabunçu xəstəxanasının Baş həkimi və Tibb Universitetinin ilk dekanı olub. Ona görə də ulu babamın davamçısı kimi psixiatr olmaq haqqında da düşünürdüm. Amma ilk dəfə Ruhi-əsəb xəstəlikləri Dispanserinə gedəndə anladım ki, orada çalışa bilmərəm. Ürəyim və əsəblərim dözməzdi. Amma onkoloji xəstələrlə işləmək daha rahat idi. Həm də Onkologiyada mənə ehtiyac olduğunu hiss elədim. Süd vəzi üzrə həkim kimi ixtisaslaşıb, çalışmaq istəyirdim. Sveta xanım Mirzəyeva mənim müəllimim olub. Hər dəfə onun yanına gəlirdim. Bir dəfə ginekoloji cərrahiyyə əməliyyatında iştirak etməli oldum və beləliklə həmişəlik bu sənəti seçdim. Ginekologiya şöbəsinin kollektivi də mənə doğma idi. Hər dəfə tibb bacıları ilə oturub, danışardıq. Xəstələrin diaqnozlarını müzakirə edərdik. Həkimlərdən ürək edib, soruşa bilmədiklərimi təcrübəli tibb bacılarından xəbər alırdım. Cərrahiyyə şöbəsində əvvəlcə tibb bacısı, sonra assistent və həkim kimi fəaliyyət göstərdim. 2006-2007-ci illərdə Tibb Universitetini bitirdim. Əlaçı tələbə olduğuma görə, məni kafedrada saxlamaq istəyirdilər. Amma təyinat zamanı hara getmək istədiyimi soruşanda Milli Onkologiya Mərkəzini seçdim. İnternatura və Ordinaturamı orada keçdim. Sonra Aspiranturaya daxil oldum. 2014-cü ildə tibb üzrə fəlsəfə doktoru oldum.

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

- Günay xanım, maşallah olsun. Sizi dinləyib düşünürəm ki, belə cavan yaşda gör nə qədər işlər görmüsünüz. Hələ ailə qurmağa, ana olmağa da vaxt tapmısınız...

- (Gülür) Doğru deyirsiniz. 23 yaşımda ailə qurdum. Oğlum dünyaya gəldi. Amma həyatımın çox çətin məqamı da oldu. Bir gün işə gələndə yoldan keçən avtomobil mənə xəsarət yetirdi. 3 ay xəstəxanada qalmalı oldum. Fəqərəm zədələnmişdi. Vəziyyətim ağır idi. Həkimlər dedilər ki, "Bəlkə ayağa qalxa bilməyəcək" Amma mən ayağa qalxmalı və cərrah olmalıydım. Allahın köməkliyi ilə sağaldım. Cərrah kimi çətin əməliyyatları icra etdim. İkinci övladım dünyaya gəldi. Qızım dünyaya gələndə 8 saatlıq çətin əməliyyat icra etmişdim. Qızımın 3 ayı tamam olanda rəhbərlik, təhsilimi davam etdirmək üçün məni Avstriya göndərdi. Belə şansı əldən buraxmaq olmazdı. Vyanada AKH deyilən xəstəxana var. O xəstəxana dünyanın ikinci ən böyük xəstəxanasıdır. Mən işlədiyim şöbədə Nobel laureatı mükafatçıları var idi. Onlarla nəinki çalışmaq, adi ünsiyyətdə olmaq insana fəxr verir. Orada elə professorlar var idi ki, mən onlarla ingilis dilində danışmağa utanırdım. Hərçənd onlar alman dilində danışmağı daha çox sevirlər. Amma ingilis dilində çox səlis danışırlar. Çünki Oksforda dərs deyirlər. Onlar mənimlə söhbətdə məəttəl qalmışdılar ki, sənin 28 yaşın, iki uşağın var. Bu qədər də işlər görmüsən. Oralarda 28 yaşında yaşamağa başlayırlar. 40 yaşında isə ailə, övlad haqqında düşünürlər. Avstriyada mənə Motsart deyirdilər. Deyirdilər ki, belə gəncsən, amma hər şeyə zaman ayıra bilmisən. Həkimlərin arasında rus əsilli, amma rus dilində danışmağı çoxdan unudan qadın var idi. Günlərin birində həmin həkim mənim haqqımda onlara deyir ki: “Doktor Mammedbeylinin 2 uşağı var. Artıq elmi iş yazır. Bu yaxınlarda müdafiə etməyə hazırlaşır”. İnanrsınız ki, bunu eşidən alman professorlar heyrətə gəlmişdilər ki, ailəsi, 2 uşağı olan qadın bura necə gəlib?

Məndən soruşdular ki, “Uşaqlara kim baxır?” Uşaqlarıma anamın baxdığını və mənim təhsilimi, təcrübəmi davam etdirmək istədiyimi bildirəndə professor mənə dedi ki: “Düz etməmisən. Uşağa qadın özü baxmalıdır. Biz ona görə gec evlənirik ki, əvvəlcə karyeramızı qururuq. Uşağa nəsə vermək lazımdır ki, sonra ondan verdiklərini ala biləsən. Heç nə vermədiyin halda uşaqdan nə ala bilərsən?”

-Əslində doğru fikirdir. Avstriyada neçə ay çalışdınız?

- 4 ay.

- İngilis dilini Bakıda öyrəndiniz?

- İngilis dilini Universitetə hazırlaşanda mükəmməl öyrənmişdim. Çünki təhsilimi Amerikada davam etdirmək istəyirdim. Amma evdən buraxmadılar. Alman dilini bilsəydim, onlar məni daha da çox istəyərdilər. Təəssüf ki, alman dilini öyrənməyə vaxt olmadı.

- Günay xanım cavan, gözəl qadınsınız. Bu ayrılığı həyat yoldaşınız necə qarşıladı?

- Çox normal, anlayışla qarşıladı.

- Avstriyada çalışmaq, onlarla birlikdə fəaliyyət göstərmək necə hissdir?

- Təbii ki, onların qayda-qanunları ilə bizimki tam fərqlidir. Ən gözəl keyfiyyətlərindən biri odur ki, savada böyük qiymət verən millətdilər. Savadlı adamlar onlar üçün çox dəyərlidir. Bir məşhur ifadələri var: “İki nəfər insanın öz millətindən olmalıdır. Hərbçi və cərrah”. Başqa millətdən olsa, alınmaz. Doğrudan da onların fikrində bir kəramət var. Yalnız öz millətindən olan həkimin sənə ürəyi yanacaq. Çünki, əməliyyatdan sonra gedəcək yeri yoxdur. O da bu millətin oğlu, qızıdır. Məsələn, bizə başqa millətin nümayəndələri olan həkimlər gəlir. Əməliyyatlarını edib, pullarını alıb çıxıb gedirlər. Sonradan onları tapmaq, nəsə soruşmaq mümkün olmur. Məsuliyyət məsələsi baxımından da alman professorun dediyi fikirlərlə razıyam. 4 ay ərzində oradakı həkimlərin, professorların hörmətini, sevgisini qazandım. Və məni əməliyyatlara salmağa başladılar. Amma gizlin şəkildə. Çünki rəhbərlikdən bilsəydilər, həm onlara, həm də mənə çox pis olardı. Kənardan gələn cərrahların əməliyyata daxil olmaq hüquqları yoxdur. Daxil olsalar belə sadəcə prosesi izləyə bilərlər. 4 ay ərzində iki müstəqil əməliyyat etdim. Xərçənglə bağlı əməliyyat deyildi.

Burada bir haşiyə çıxmaq istəyirəm... Bizim cavanlarımız bəzən özlərinə, qarşılığında isə biz də onlara hörmət etmirik. Yəni qiymətləndirmirik. Bilirsiniz niyə? Əslində biz çalışqan millətik. Oxuyuruq. Cavan yaşımızdan təhsilə, sənət seçməyə vaxt sərf edirik. Orada isə gənclər gecə klublarından çıxmırlar. Onlar özləri üçün daha çox yaşayırlar. Biz isə sabahımızı zəmanət altına almaq üçün daha çox çalışmağa, oxumağa vaxt ayırırıq.

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

-Avstriyadan Bakıya qayıtdınız?

- Bakıya gəlib, bir aydan sonra Başkənd Universitetinə, Ankaranın Baş Onkoginekoloqu Ali Ayhanın yanına getdim. Bir sözlə mən qayıdanda 3 aylıq qoyub getdiyim qızım həm danışırdı, həm də gəzirdi.

- Sizi tanıyırdı?

- Yox. İlk vaxtlar tanımadı.

- Çox çətin durumdur...

- Çox çətin idi. İki ay uşaq məni yaxına buraxmadı. Uzun müddət təmas qura bilmirdik. Özümü bütünlüklə peşəmə həsr etməyimin ağrılı tərəfi bu idi.

- Təbii ki, peşəkar cərrah olmaq üçün çətinliklərdən keçmək lazım gəlir...

- Avstriyada olanda onların təşkil etdiyi konqresdə çıxış etməyi çox istəyirdim. Əvvəlcə mənim iştirakıma razı olmamışdılar. Amma mənim israrlı təklifimdən sonra razılıq verdilər və əlavə etdilər ki, yalnız namizədlik işimlə bağlı məsələlər onlar üçün maraqlıdır. Yerdə qalan məsələlər - yəni hansı ölkədən gəlmisən, orada nələr baş verir? Bunlar maraqlı deyil. Çıxışımı hazırladım. Videoslayt nümayiş etdirdim. Həm də Azərbaycanla bağlı bir neçə kəlmə fikirlərimi onlarla bölüşdüm. Yazıçı Anarın alman və ingilis dilində nəşr olunan Azərbaycanla bağlı kitablarını da orada hazır saxladım. Əvvəlcə kitabları paylamağa qoymadılar. Dedilər ki, “Bizdə belə şeylər xoş qarşılanmır. Bir tərəfə yığın. İstəyən olsa, götürər”. (Gülür) Amma mənə də Günay deyərlər. Çıxışımda Azərbaycanı da təqdim etdim. Bakıda icra etdiyim əməliyyatlardan da danışdım. Konfrans bitəndə professor məni ayaqüstə alqışlayırdı. Onlar inanmırdılar ki, Azərbaycanda belə mərkəz yaranıb. Hətta "Belə mərkəzinin var. Bəs buraya niyə gəlmisiniz?" sözlərini dedilər. Mən bildirdim ki, “Biz tədcizatı sizdən almışıq. İndi də gəlmişik ki, biliyi alaq”. O konfransa düşə bilmək mənim üçün böyük şans idi. Çıxışdan sonra kitabların ardınca otağa qayıtdım. Gördüyüm mənzərədən çox məmnun qaldım. Otaqda bir ədəd kitab qalmamışdı.

- Günay xanım 13 il cərrah- onkoginekoloq kimi fəaliyyət göstərmisiniz. Bu illər ərzində say etibarılə neçə əməliyyat etmisiniz?

- Sözün düzü, əməliyyatlarımı saymamışam. Amma assistent kimi etdiyim əməliyyatları da daxil etsəm, 1000-dən çox olar. Bu sahə çox çətindir. Əməliyyatlar 5-6-7 saat çəkir. Əməliyyatdan çıxanda özümüzə gələ bilmirik. 6-7 saat ayaqüstə dayanıb, həyat xilas etmək, sonra da xəstənin yaxınları ilə danışmaq çox çətindir.

Onkoloq kimi çalışandan sonra həm insan, həm də həkim kimi böyüdüm. Həyatın qiymətini daha yaxşı bildim. Başa düşdüm ki, insan həyatının hər günü qiymətlidir. İnsanın insana dilədiyi ən gözəl alqış sağlamlıqdır. Sadəcə cavan olanda bunun mənasını dərk etmirsən. Hamıya sağlam olmaqla yanaşı, uğur, bəxt və şanslı olmağı arzu edirəm. Çörçellin bir sözü var: “Sağlam olmaq azdır, gərək bəxtin də olsun”. Titanik gəmisində səyahətə çıxanların hamısı sağlam idi. Amma həmin gün batdılar. Deməli, insanın bəxti gərək özündən əvvəldə olsun. O, da Allahın qismətidir. Şansın rolu böyükdür. Sağlam olmaq gözəldir. Ruslar deyir ki: “Sağlam adam yoxdur. Müayinə olunmayan, sağlamlığının qeydinə qalmayan adam var”. İldə iki dəfə mütləq müayinədən keçmək lazımdır. Hər bir xəstəliyin başlanğıcında onu aşkar edəndə sağalma prosesi artır.

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

-Elədir, Günay xanım. Sizin canlı şahidiniz mənəm. Bu xəstəlik çox yayılıb. Qadınlarımız nə etsinlər ki, xəstə olmasınlar?

-Bu xəstəliyin yayılması təkcə Azərbaycanın problemi deyil. Xərçəng dünyada da yayılıb. Tək demək ki, elə bizdə var, dünyada yoxdur. Qətiyyən elə deyil. Dünyanın ən qabaqcıl ölkəsi Amerikadır. ABŞ-da ən böyük xərçəng mərkəzi var. Niyə var? Deməli ehtiyac var. Bu gün internetdə yazılır ki, İsraildə xərçəng yoxdur.

- Elə deyirlər. Hətta orada xərçəngi məhv edən dərmanların belə açıq satışda olduğunu yazırlar

- Boş söhbətlərdir. Dünyanın ən böyük Xərçəng Mərkəzlərindən biri elə İsraildədir. Xərçəng hər yerdə var. Yaponiya kimi inkişaf etmiş ölkə mədə xərçəngi üzrə dünyada birinci yeri tutub. Bunu statistika sübut edir. Sual ola bilər ki niyə? Sizə deyim ki, onun niyəsini biz biləndə, xərçəngin müalicəsini də tapacayıq. Bu gün təəssüf ki, xərçəngin müalicəsini tam dəqiq bilmirik. Çünki səbəbini bilmirik. Düzdür, bəzi xərçəng növlərinin artıq səbəbi bilinir. Həmin səbəblərdən biri virus xəstəlikləridir. Məsələn, uşaqlıq boynu xərçənginin 90 faizinin əsas səbəbi cinsi əlaqə ilə keçən insan papiloması virusunun törədicisidir.

- Bu xəstəliyin yayılmasında qidalanmanın da rolunun olduğunu yazırlar...

- Sözsüz ki, təmiz qida ilə bəslənmək lazımdır. Sintetik qidalardan qaçın. Təmiz havada çox olmaq, stressdən, radiasiyadan uzaq qaçmaq lazımdır. Ömrü sözsüz ki, Allah verir. Həkimlər Allah deyil. İnsanın dünyaya gəldiyi və dünyadan getdiyi gün öncədən yazılır. Bunu insan dəyişə bilməz. İnsanın canını Allah ona əmanət verib. Hərəyə də bir ömür yazılıb. İnsan çalışmalıdır ki, həm fiziki, həm də mənəvi olaraq, o canı Allaha sağlam qaytarsın. Həm mənəvi həm də fiziki cəhətdən insan özünü, ürəyini, duyğularını təmiz saxlamalıdır. Amma vədəsi çatanda hər birimiz əmanəti sahibinə qaytarmalıyıq.

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

-Günay xanım, avqustun 5-də 35 yaşınız tamam oldu. Bu münasibətlə sizi təbrik edirəm.

- Sağ olun. 35 il də yaşaya biləcəmmi? Onu bilmirəm.

- İnşallah niyə yaşamırsınız ki? Allah qoysa.

- Yox, 90 il yaşayıb yer tutmaqdansa, 60 il yaşayıb, hörmətli olmaq yaxşıdır. Mən 35 yaşıma 50 yaşlı adamın edə bilmədiklərini sığdırmışam. Ginekoloq, onkoloq, cərrah. Tibb üzrə fəlsəfə doktoru. İnşallah, 40 yaşıma qədər professor adını almaq fikrindəyəm.

Həkimlər Allahın köməyi ilə xəstəyə yardım edən, onu həyata qaytaran insanlardır. Kaş ki, hər həkim özünün missiyasını başa düşsün. Anlasın ki, onun bu dünyada böyük missiyası var. Bir nəfəri həyata qaytarmaq nə qədər böyük savabdır. Xəstələrim mənə bayramlarda yazırlar ki, “Bir bayramı da sizin sayənizdə keçirmək, yaşamaq şansını əldə etdik”. Əslində isə bunu edən Allahdır. Mən vasitəçiyəm.

ÜLVİYYƏ HƏSƏNQIZI

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...

Vyanada Motsart adlandırılan onkoginekoloq: “İki nəfər insanın öz millətindən olmalıdır.  Hərbçi və...