Ramin Məmmədov adlı şəxs KİV-də çıxış edərək ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimi Ç.Rəhimovun səhv diaqnozunun qurbanı olduğunu və səhhətində ciddi problemlər yarandığını bildirib.

Open.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti həmin şəxsin müraciətində Tədris Cərrahiyyə Klinikasının həkimi Ç.Rəhimov haqqında yalnış iddialar irəli sürüldüyü bildirib:

"Təəssüf ki, media orqanları da işin əslini araşdırmadan həmin müraciəti çap ediblər. Halbuki sözügedən xəstə Məmmədov Raminin səhhətindəki problemlər bizim klinikada əməliyyatına görə yox, müalicəsini digər klinikada davam etdirdiyinə görə baş verib. Belə ki, xəstə - Məmmədov Ramin Aslan oğlu, (26.01.1979-cu il təvəllüdlü) sol gözyuvasıaltı və yanaq nahiyələrində şişkinlik, ağrılar, burundan kəskin qoxulu qanlı-irinli ifrazatın olması, burun tənəffüsünün çətinləşməsi şikayətləri ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Xəstə bildirib ki, qeyd olunan şikayətlər təxminən 6-8 ay əvvəl başlayıb və son vaxtlar artıb. O, ilk müalicəni yaşadığı rayonda alıb, amma heç bir nəticə əldə olunmayıb. Xəstəyə Tədris Cərrahiyyə Klinikasında kliniki, laborator və rentgenoloji müayinələr keçirilib. Xəstəyə terapevt, anestezioloq və prof. Rəhimov Ç.R. tərəfindən konsultasiya aparılıb və diaqnozun dəqiqləşdirilməsi üçün törəmədən biopsiya götürülməsi tövsiyyə olunub. Biopsiya zamanı törəmədən qanaxma ehtimalının yüksək olduğunu nəzərə alaraq əməliyyatı ümümi ağrısızlaşdırma ilə aparılması qərara alınıb. Xəstə bu barədə məlumatlandırılıb və əməliyyat üçün onun yazılı razılığı alınıb. Xəstədə 14.12.2018-ci il tarixində “sol tərəfli haymorotomiya yolu ilə törəmədən biopsiya” əməliyyatı aparılıb. Əməliyyatdan sonra patohistoloji müayinədə №2548/2018 “Yastı epitel karsinoması, yüksək differensiasiya» aşkar edilib. Xəstə sonrakı müayinə və müalicə aparılması məqsədilə ixtisaslaşmış onkoloji müəssisəyə göndərilib. Lakin aldə etdiyimiz məlumata əsasən, xəstə onkoloji müəsissəsində müalicədən imtina edib və yaşadığı ünvan üzrə müalicəni davam etdirib. Tədris Cərrahiyyə Klinikasında olduğu dövrdə xəstə tərəfindən tibb personalına və şəxsən professor Rəhimova heç bir şikayəti olmadığını bildirilib və bunu rəsmi məktubla imzalanıb".

Klinikadan bildirilib ki, hazırda xəstədə vəziyyətin ağırlaşması onkoloji xəstəliyin inkişafı və həkim tövsiyələrinin yerinə yetirmədiyi ilə bağlıdır: "Təəssüflə bildiririk ki, klinikada müalicə vaxtı professor Çingiz Rəhimovdan heç bir iradı olmadığını bildirən xəstə nə üçünsə belə bir açıqlama verib. Media orqanlarından xahiş edərdik ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının və əməkdaşlarının işgüzar nüfuzuna xələl vuran bu cür yanlış məlumatları dərc etməzdən öncə qarşı tərəfin də fikrini öyrənsinlər. Qeyd etdiyimiz məsələ ilə bağlı xəstənin imzaladığı sənədləri təqdim etməyə hazırıq".

Şəfiqə Nazimqızı