“Koronavirusa yoluxmuş şəxslərin 5%-nin vəziyyəti daha ağır olur və biz reanimasiya şöbəsində həmin ölümlə olum arasında olan vətəndaşlarımız üçün mübarizə aparırıq”.

Open.az xəbər verir ki, bu sözləri ATU-nun Tədris Terapevtik Klinikasının Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov REAL TV-yə müsahibəsində deyib.

O bildirib ki, bu, çətin bir müharibədir: “Reanimasiya şöbəsində orqan çatışmazlığı yaşayan xəstələrə vaxt qazandırmaqla məşğuluq. Dəstək müalicəsi ilə orqanizmə vaxt qazandıraraq hüceyrələrin ölümünün qarşısını alırıq. Bu xəstəliyə baxanda donuz qripi adlandırdığımız H1N1 virusunu öpüb gözümüzün üstünə qoya bilərik. Çünki koronavirusdan sağalmağın müddəti uzundur. Orqanizmin özünü bərpa edə bilməsi üçün ən azı 14-15 gün lazımdır. Müddətin uzun olması və yayılma sürəti işimizi çətinləşdirir. Bütün dünyada bu hal yaşanır. Vəziyyət çətin və ağırdır, ancaq əlimizdən gələni edirik, intensiv işləyirik, yoruluruq”.

Həkimin sözlərinə görə, əvvəlki aylara nisbətən həkimə müraciət baxımdan irəliləyiş var: “Artıq inanıb-inanmama məsələsi deyil, qırmızı xətt çoxdan keçilib. Bu xəstəliyin üzərinə nə qədər erkən düşülsə, ağırlaşma ehtimalı bir o qədər azdır. Yay aylarında soyuqlamaq, qrip olmaq ölkəmizə o qədər də xas bir hal deyil. Ona görə, belə bir hal baş verən zaman ilk növbədə “COVİD-19”dan şübhələnmək, həkimə müraciət etmək lazımdır. Kimin immun sisteminin hansı vəziyyətdə olduğu məlum deyil. Ona görə diqqətli olmaq lazımdır”.

E. Qasımov Çində xəstəliyə tez zamanda qalib gəlməyin səbəblərindən birini maskadan istifadədə görür: “Cənub-şərqi Asiyada insanlar bu kimi viruslara alışdıqları üçün maska taxmağa meyillidir. Ona görə də xəstəliklə mübarizə daha asan oldu. Başa düşürük, yay aylarıdır, istidir. Ancaq xəstəxanalarda qalmaq, boğulma hissindən daha yaxşıdır”.