Urologiya və transplantologiya sahəsində tanınmış cərrah olan Rəşad ŞOLANın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Diaqnostika Mərkəzindən Open.az-a verilən məıumata görə, 36 yaşlı qardaş xroniki böyrək çatışmazlığından əziyyət çəkən 41 yaşlı qardaşına böyrəyini bağışlayıb.

“Təcili əməliyyata göstəriş var idi. Əks halda pasiyentimizi qarşıda ömür boyu davam edəcək hemodializ seansları gözləyirdi. Resipiyentin qardaşı lazım olan analizləri verdikdən sonra məlum oldu ki, onun böyrəyi qardaşına ideal olaraq uyğundur. Böyrəkköçürmə əməliyyatı həm resipiyent, həm də donor üçün uğurlu keçdi. Kiçik qardaş böyük qardaşına böyrəyini bağışlamaqla, ona yaşamağa ümid verdi! Əməliyyatdan sonra xəstəmiz nəinki özünü yaxşı hiss etməyə başladı, həmçinin onun emosional vəziyyəti də yaxşılığa doğru dəyişdi. Bu hadisə qardaşları bir-birinə daha da möhkəm bağladı. Ümumiyyətlə, heç də xroniki böyrək çatışmazlığından əziyyət çəkən bütün xəstələrə əməliyyat göstəriş deyil. Bəziləri əməliyyatın ağır olduğundan çəkinərək bundan imtina edirlər. Komandamızın əməyi sayəsində əməliyyatın səhəri günü donor sərbəst şəkildə hərəkət etməyə başladı, bir neçə gündən sonra isə qardaşlar evə yazıldılar”, - deyə şöbə müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN qeyd edib.