"Piylənmənin səbəbi dünya bütün ölkərlərində olduğu kimi Azərbaycanda da eynidir. 2014-cü il üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda da yetkin əhalinin 33 faizi piylənmə və artıq çəkidən əziyyət çəkir".

Open.az xəbər verir ki, bu sözləri bu gün keçirilən ''Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar''a dair elmi praktik konfransda həkim-diyetoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis Emil Hidayətli deyib.

O bildirib ki, hazırda piylənmənin sayı get-gedə artır: "Burada acınacaqlı məqam uşaqlar arasında piylənmənin artmasıdır. Əsas səbəb bizdə də qidalanma faktorudur. Qida sənayesinin dəyişməsi, qeyri sağlam qidalanma, oturaq həyat tərzi, passivlik və digər tibbi problemlər bura aiddir. Piylənmə ilə mübarizəni multidispilinar yanaşma ilə aparmaq , yəni qida və fiziki aktivliyinə bir yerdə kompleks şəkildə əməl etmək lazımdır. Biz davranış terapiyasının gücləndirilməsinə yönəldiririk. Yəni, piylənmədən əziyyət çəkən insanlar vərdişlərinin dəyişməsinin vacib olduğunu anlamalıdırlar. Qida, həyat tərzi , yuxu, fiziki aktivlik vərdişlər dəyişmədikcə piylənmənin qarşısını almaq da mümkün deyil".

Həkim deyib ki, ildən- ilə proqnozlar daha aclnacaqlı hala çevrilir: "2030-cu ildə artıq yer kürəsinin əhalisinin yarısı artıq çəkidən və piylənmədən əziyyət çəkəcək. Bizim qeyri ixtiyarı təkrarladığımız hərəkətlər vərdiş adlanır ki, bu müəyyən qaydada qidalanmadır. Yuxu vərdişi burada önəmli rol oynayır, gecə saat 12-1-dən sonra yatanlarda piylənmə səbəbləri artır. Bunların hamısının daha sağlam vərdişlərlə dəyişilməsini birgə tətbiq etməklə, biz müsbət nəticələr əldə edə bilərik".

Şəfiqə Nazimqızı