BMT-nin İnkişaf Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tibb işçiləri və pasiyentləri üçün tibbi ləvazimatların satınalınması həyata keçirilib.

TƏBİB-dən Open.az-a verilən məlumata görə, içində 50 000 tibbi eynək və 1000 kontaktsız infraqırmızı termometrin də olduğu tibbi avadanlıq dəsti BMTİP-in beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya gətirilib.

Sözügedən ləvazimatlar hazırda birgə icra edilən, “Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək layihəsi” çərçivəsində satın alınıb. Avadanlıqlar bu həftə ərzində tibb müəssisələrinə çatdırılacaq.

“Son aylar ərzində BMT-nin İnkişaf Proqramı BMT ailəsi ilə birgə, pandemiyanın yaratdığı çətinlikləri çevik şəkildə aradan qaldırmaq məqsədilə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edir. Buraya rəqəmsal səhiyyə xidmətlərinə dair texniki məlumat dəstəyi, ictimai məlumatlandırma, onlayn təhsil sisteminin fəaliyyətini davam etdirməsi və əhalinin ən həssas qruplarının sosial rifahının yaxşılaşdırılması istiqamətləri daxildir”, BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib.