Jurnalist Zamiq Məmmədli atasının həkim səhvi ucbatından vəfat etdiyini iddia edib.

Open.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Z.Məmmədli atası Dağbəyi Məmmədov halsız vəziyyətdə olduğu üçün "HB Güvən Klinikası"na yerləşdirildiyini deyib: “Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər. 2700 manat pul ödəməyimi istədilər, ödədim. İyunun 15-də "sətəlcəm" deyə guya "müalicə" edib daha da ağırlaşdırdılar. Dedik bəlkə onkomarkerlər də verilsin? Dedilər yox lazım deyil. “HB Güvən"də yazılan ağır dərmanlar (təxmini 200 AZN da HB həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yaraları deşib qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi. "HB Güvən Klinikası"nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil. İyunun 20-də atamı "HB Güvən Klinikası"ndan çıxardıq. Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji instituta apararaq müəyyən etdik.

Atam iyulun 26-da vəfat etdi. 1-ci qrup Qarabağ əlili idi. "HB Güvən"dən heç olmasa üzrxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi ya da dedilər ki, get hara istəyirsən şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər, sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar. Mən soruşdum ki, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var. "HB Güvən Klinikası" isə pul qazanmaq üçün atama "sətəlcəm" deyib 1 həftə boyunca pul yemək üçün sadəcə işgəncə veriblər.
Atam bəlkə də bir neçə il, və ya bir neçə ay uzun yaşayacaqdı, amma "HB Güvən Klinikası" deyilən qəssabxanada pula görə səhv diaqnozlarla həyatını daha da qısaltdılar”.