Alzheimer xəstəliyi yaddaş, düşüncə və davranış problemlərinə səbəb olan və çox rast gəlinən bir demensiya növüdür.

Open.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov deyib.

O qeyd edib ki, dünyada 1994-cü ildən etibarən hər il 21 sentyabr Alzheimer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd olunur. Alzheimer xəstəliyi koqnitiv proseslər və digər funksiyaların enməsi, baş beyninin alın, təpə, gicgah paylarının subkortikal sahələrində neyronların və sinaptik əlaqələrin məhv olması səbəbindən idrak proseslərinin (yaddaş, təfəkkür, qavrama və nitq) və ali qabıq funksiyalarının pozulması ilə nəticələnə bilər.

Alzheimer xəstəliyinin simptomları haqqında danışan F. İsmayılov bildirib ki, ilk növbədə, idrak (yaddaş, nitq, məntiq) və davranış proseslərinin pozulması simptomu ilə özünü biruzə verir: "Xəstəliyin ilkin mərhələsinin simptomları daha yüngül, sonrakı mərhələlərdə ciddi fəsadlara gətirib cıxarır. Kiçik yaddaş problemləri (yeni məlumatın, son danışıqlar və hadisələrin, insanların, əşyalar və yerlər adlarının yadda qalmaması) ilə başlayan xəstəlik irəlilədikcə ondan əziyyət çəkənlərdə hallüsinasiya və fantastik ideyaların yaranması, yaxınlarını tanımaması, hərəki funksiyaların pozğunluğu, öz hərəkət və fikirlərinə qarşı məsuliyyətin yox olmasına gətirə bilər".

F.İsmayılov Alzheimer xəstəliyinə tutulma risk qrupları haqqında da danışıb: "Yaşları 65-dən yuxarı olan insanların bu xəstəliyə tutulma riski daha yüksəkdir, lakin xəstəliyin erkən forması artıq 40 yaşdan sonra da başlaya bilər. Belə hallar, əsasən, irsi xarakter daşıyır. Bəzi mənbələrə görə, qadınlar ömürləri daha uzun olduğu səbəbindən bu xəstəlikdən kişilərə nisbətən 6-10 qat daha çox əziyyət çəkir".

Mərkəz rəhbəri bildirib ki, bu xəstəliyin risk qrupunda alkoqolu qəbul edən, siqaret çəkən, yüksək qan təzyiqi, xolesterol və şəkəri olan və kəllə-beyin travmalarını alan insanlar da daxildir: "Təəssüf ki, Alzheimer xəstəliyi üçün məlum bir müalicə metodu hələ də mövcud deyil. Buna baxmayaraq, bəzi simptomları müvəqqəti yüngülləşdirən dərman müalicəsi var. Alzheimer xəstələrinin beyinlərində Asetilxolin adlı kimyəvi maddə çatışmır. Bu maddə tərkibli dərmanların qəbulu koqnitiv funksiyalarının enmə sürətini xeyli azalda bilər. Medikamentoz müalicə ilə yanaşı qeyri-medikamentoz müdaxilələrin aparılması tövsiyə olunur. Xəstələrə gündəlik həyat fəaliyyətinin təşkilinə yönəlmiş müxtəlif davranış metodlarının istifadəsi, düzgün qidalanma, aqressiya və depressiyanın büruzə verməsi istiqamətində müalicə rejiminə riayət etmə məsləhət görülür. Bundan başqa, xəstənin ailə üzvlərinin pasiyentə qarşı qayğı göstərməsi xəstəliyin ağırlaşma profilaktikası üçün faydalıdır”.

Professor dünyada Alzheimer xəstələrinin artma dinamikasının son vaxtlarda dəyişmə səbəblərini də bildirib: "Hal-hazırda dünyada 52 milyona yaxın insan Alzheimer xəstəliyindən əziyyət çəkir, lakin proqnozlara əsasən, 2030 ildə bu rəqəmin 75, 2050 ildə isə 152 milyona qədər artması gözlənilir. Bu artımın əsas səbəblərindən biri dünyada ömrün uzunluğunun artmasıdır, çünki yaş Alzheimer xəstəliyini yaradan və inkişaf etdirən əsas faktorlardan biridir. Dünya statistikasına əsasən, 65 yaşdan sonra hər 14 insandan birində, 80-dən sonra isə hər 6 nəfərdən birində bu xəstəlik müşahidə olunur”.

F.İsmayılov Alzheimer xəstəliyinin profilaktikasını da açıqlayıb: "İlk növbədə fiziki aktiv olmaq (həftədə ən az 3 dəfə kardio məşqlər və qaçışla məşğul olmaq), sağlam qidalanmaq (rasiona tərəvəz, qoz-fındıq, zeytun yağı, mavi giləmeyvə, lobya, tam taxıl qidaları, balıq, quş əti əlavə etmək) və sutkada ən azı 7-8 saat yatmaq məsləhətdir. Bundan başqa, davamlı və balanslanmış əqli və fiziki fəaliyyətlə məşgul olmaq beyin sağlamlığını artıra və xəstəliyin inkişafının qarşısını ala bilər".