Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatlarının artmasına dair məlumatları fonunda etalon markalı neft qiymətləri azalır.

Open.az xəbər verir ki, Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:10-da 42,87 ABŞ dolları olub ki, bu da öncəki sessiyanın bağlanış qiymətindən 0,29 ABŞ dolları (0,67%) azdır. Çərşənbə axşamı həyata keçirilən sövdələşmələrdə bu fyuçerslər 0,54 dollar (1,3%) artaraq bir barel üçün 43,16 dollar olmuşdu.

Nyu York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti 41,47 dollar/barel təşkil edib ki, bu da öncəki sessiyanın səviyyəsindən 0,23 dollar (0,55%) azdır. Dünən dekabr fyuçersləri 0,64 dollar (1,6%) dəyər qazanaraq bir barel üçün 41,7 ABŞ dollarına çatmışdı.

API çərşənbə axşamı ABŞ-ın neft ehtiyatlarının 16 oktyabr tarixində bitən həftədə 584 min barel artdığını açıqlayıb. İnstitutun məlumatlarına görə, benzin ehtiyatları 1,6 milyon barel, distillə olunmuş neft məhsulları 6 milyon barel azalıb. Kuşinq terminalındakı neft ehtiyatları 1,2 milyon barel artıb.

“S&P Global Platts” tərəfindən rəyi soruşulan analitiklər ABŞ Energetika Nazirliyinin məlumatlarında neft ehtiyatlarında 1,9 milyon barel, benzində 1,6 milyon barel, distillə olunmuş neft məhsullarında isə 3 milyon barel həcmində azalma olacağını gözləyirlər. Nazirlik ölkənin enerji ehtiyatlarına dair həftəlik hesabatını çərşənbə günü Bakı vaxtı ilə saat 18:30-da açıqlayacaq.

Neftin qiymətinə həmçinin Liviyada hasilatın artmasına dair xəbərlər də təzyiq göstərir. “S&P Global Platts” qeyd edir ki, adıçəkilən ölkədə neft və kondensat istehsalı bir ay ərzində dörd dəfədən çox – gündəlik 500 min barelə qədər artıb. Agentliyin mənbələrinin verdiyi məlumata əsasən, bazar ertəsi “Abu Attifel” yatağında 70 min barel/günə çata biləcək hasilat bərpa edilib.

Bununla belə, bazar OPEC+ formatının hasilatda planlaşdırılan 2 milyon barel/günlük artımı yenidən nəzərdən keçirəcəyinə ümid bəsləyərək nikbinliyini qoruyur. Hərçənd OPEC+ Nazirlərin Monitorinq Komitəsinin (JMMC) oktyabrın 19-da keçirilmiş iclasında belə niyyətə dair heç bir əlamət sezilməyib.

“Liviyadakı hasilat artımı və qlobal tələbdəki canlanma sürəti neft qiymətləri üçün problemə çevrilirsə, OPEC-in son müdaxilələri cavab tədbirləri ehtimalının yüksək olduğunu göstərir”, - “AxiCorp”un analitiki Stiven İnns deyib.