İyulun 09-u saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Bu barədə Open.az-a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı, 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə aralarında yaranmış mübahisə zamanı xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.