Rüşvət verməkdə təqsirləndirilən 149 saylı məktəbin sabiq direktor müavini S.Əjdərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən S.Əjdərzadə barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.

O hökmə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Əjdərzadə barəsində Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Xatırladaq ki, S.Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

O daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib.