Noyabrın 10-da saat 16 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində 1984-cü il təvəllüdlü Zeynalov Əli Aydın oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov Rayon Prokurorluğundan Open.az-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və cəsədə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalar nəticəsində 2000-ci il təvəllüdlü Rəhimli Elnur Marif oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Əli Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elnur Rəhimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.