Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Nərimanov rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Akif Məmmədov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 9,780 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq A.Məmmədovun yaşadığı evdən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 1 kiloqram 100 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı A.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.