11:09

İyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülüb.

Suraxanı Rayon Prokurorluğundan Open.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.

Open.az xəbər verir ki, APA-nın məlumatına görə, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

Qeyd edək ki, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.