Bakıda arvadını qısqanclıq zəminində bıçaqlamaqda təqsirləndirilən Yuriy Vanyaqinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə baxılıb.

İstintaqla müəyyən edilib ki, Vanyaqin Yuriy Viktoroviç ötən il avqustun 7-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 35, mənzil 49 saylı ünvanda arvadı Vanyaqina Gülnarə Ənvərovnanın ondan boşanmaq istəməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində bıçaqlayıb. O, münaqişə zamanı yaşadığı mənzilin qonaq otağından götürdüyü bıçaqla yaşadıqları mənzilin girişinin 5-ci və 4-cü mərtəbələri arasında olan meydançada Gülnarə Vanyaqinanın arxa bel nahiyəsindən bir dəfə qəsdən vuraraq onun sağlamlığına ağır zərər yetirib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Yuriy Vanyaqin ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində bildirib ki, 2002-ci ildə Gülnarə ilə rəsmi nikaha düşüb: “Evlənəndən çox mehriban münasibətlərimiz vardı. Təxminən 2017-ci ilin may ayında Gülnarə “İçərişəhər” ərazisində yerləşən çay evlərindən birində qabyuyan işləməyə başladı. Bundan sonra münasibətlərimiz pisləşməyə başladı. O, günlərlə evə gəlmirdi. Artıq onun həyatında kiminsə olduğundan şübhələndim. Bu barədə ondan soruşdum. O heç kimlə münasibətin olmadığını desə də, boşanmaq istədiyini dilə gətirdi. Razılaşmadım”.

Yuriy Vanyaqin qeyd edib ki, hadisə olan günü həyat yoldaşı və qızının məhkəməyə getdiyini öyrənib: “Gülnarə evdə deyildi. Qızım dedi ki, anam boşanmaq üçün məhkəməyə ərizə verib. Bir müddət sonra Gülnarə evə gəldi. Ondan hardan gəldiyini soruşdum, məhkəməyə getdiyini və məndən ayrılmaq istədiyini dedi. Gülnarəni fikrindən daşındırmaq istəsəm də, o razılaşmadı. Əsəbləşdim, özümdən çıxdım. Mətbəxdən bıçağı götürdüm. Gülnarə bıçaqla üstünə getdiyimi görüb, evdən qaçdı. 5-ci mərtəbədən aşağı düşəndə ona çatdım, belindən bir dəfə bıçaqla vurdum. O, yerə yıxıldı. Bıçaqı yerə atdım. Onu evə apardım. Ona ilk tibbi yardımı etdim, sonra avtomobilə mindirib, təcili yardıma apardım”.

Arvadını bıçaqlayan şəxs qeyd edib ki, arvadını bıçaqlamaq niyyəti olmayıb: “Peşmanam, onu vurmaq fikrim olmayıb, yalnız boşanmasın deyə bıçaqla qorxuzmaq istəyirdim”.

Zərərçəkən Gülnarə Vanyaqin ifadəsində əri ilə bir müddətdir boşanmaq istədiyini deyib: “Təzə evli olanda çox mehriban idik. Sonrada yola getmədik. Ayrılmağa qərar verdim. Bunu ona dedim, lakin o razılaşmadı. Hadisə günü məhkəməyə ərizə verdiyimi biləndə özündən çıxdı, məni söyməyə başladı. Gördü ki, onun dediklərinə gülürəm. Mətbəxə gedib bıçaqla üstümə gəldi. Qorxumdan evdən çıxıb qaçdım. Blokda mənə çatıb belimdən vurdu. Sonra məni evə apardı. İlkin tibbi yardımı göstərdi, ona məhkəmə müraciət etmədiyimlə bağlı and içdim. Qonşular səs-küyə qapını döydülər. Yuriy qapını açmaq istəmirdi, sonradan açdı. Qonşular içəri girib, məni xəstəxanaya apardı”.

Bıçaqlanan qadın ərinə ən ağır cəza verilməsini tələb edib: “Səbəbsiz yerə məni bıçaqladı. Xəstəxana xərclərini özüm ödəmişəm. Ona ən ağır cəza verilməsini xahiş edirəm”.

Hakimlər kollegiyasının hökmünə əsasən, Yuriy Vanyaqin 5 il müddətinə azadlıqdan məhrum edilib.

Səlcuq Elçin