Tunisin Cerba adasında start götürən qadınlar arasında onlayn şahmat festivalında Azərbaycan təmsilçisi Zeynəb Məmmədyarova birinci yeri tutub.

Şahmatın blits növü üzrə keçirilən yarışda 17 turdan 15,5 xal toplayan şahmatçımız beynəlxalq turnirin qalibi olub. Milli komandamızın daha bir üzvü Gülnar Məmmədova isə 13 xalla 6-cı nəticəni göstərib.

Open.az xəbər verir ki, Gülnar Məmmədova AzərTac-a verdiyi müsahibədə pandemiya dövründə onlayn beynəlxalq turnirlərdə böyük həvəslə iştirak etdiklərini bildirib: “İlk dövrlər onlayn turnirlərdə iştirakımız zamanı bir sıra çətinliklərlə qarşılaşırdıq. Bəzən internetlə bağlı problemlər yaranırdı. Üstəlik də, belə turnirlər yeni olduğu üçün təcrübə azlığı öz sözünü deyirdi. Son həftələr şahmatçılarımız onlayn turnirlərdə daha çox iştirak edərək bu sahədə təcrübələrini artırırlar. Cerba Şahmat Festivalında reytinqi 2500-dən az olan qadın şahmatçılar mübarizə aparırdılar. Yarışın favoriti rusiyalı şahmatçı Alina Kaşlinskaya ilə heç-heçə oynadım. Ümumiyyətlə, bütün partiyalar bir-birindən maraqlı mübarizə şəraitində keçdi. Onlayn turnirlər davam edir. Çalışırıq ki, belə yarışlarda iştirak edib, təcrübəmizi daha da artıraq”.

Qeyd edək ki, yarışda Z.Məmmədyarova və G.Məmmədova ilə yanaşı, şahmatçılarımız Günay Məmmədzadə, Türkan Məmmədyarova, Nərmin Xələfova, Mələk İsmayıl, Leyla Budaqova, Aytac Məmmədova, Gülsənəm Ağayeva və digərləri də iştirak ediblər.

“Lichess.org” platforması vasitəsilə İsveçrə sistemi üzrə keçirilən və partiyalara nəzarət vaxtı 3 dəqiqə olan turnir 17 turdan ibarət olub. Turnirin mükafat fondu 2 min ABŞ dolları təşkil edib.