Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında yeni əməkdaşlıq sazişi imzalanıb.

Open.az xəbər verir ki, ÜST-nin Cenevrədəki qərargahında imzalanan saziş tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Əsas məqsəd dünyada sağlamlığın fiziki fəallıq, idman və aktiv istirahət də daxil olmaqla, sağlam həyat tərzinin təbliğidir. Sazişə əsasən, BOK və ÜST idman vasitəsilə sağlam cəmiyyətin təmin olunması naminə Davamlı İnkişaf Məqsədi 3 ("Yaxşı sağlamlıq və rifah") Proqramı əsasında qeyri-yoluxucu xəstəliklərin (NCD) qarşısının alınmasına töhfə vermək barədə öhdəlik götürüblər.

BOK-un prezidenti Tomas Bax sazişin əhəmiyyətini qeyd edərək bildirib: "Mövcud böhranla əlaqədar ötən bir neçə ayda idman və fiziki fəaliyyətin sağlamlıq üçün nə qədər əhəmiyyətli olduğunu gördük. İdman insanın xilaskarıdır. Səhiyyənin dövlət siyasətində daha çox rol oynayacağı postkoronavirus cəmiyyətinin problemlərinin həllində ÜST-nin məsləhətlərindən faydalanmağa məcburuq. BOK dünya ölkələrini idmanı böhrandan sonrakı dəstək proqramlarında iştirak etməyə çağırır. Çünki NCD-lərin, eyni zamanda, yoluxucu xəstəliklərin profilaktikasında idmanın vacib rolu danılmazdır”.

ÜST-nin Baş direktoru Tedros Qebreyesus isə deyib: "Düşünürəm ki, dünyamız pandemiya ilə mübarizədə qlobal birlik və həmrəylik nümayiş etdirsə, növbəti Olimpiya Oyunlarına qədər müsbət nəticələr əldə edə bilərik. Ümid edirik ki, “Tokio-2020” COVID-19 xəstəliyinə qalib gələn Olimpiya Oyunları kimi tarixə düşəcək".