5 il öncə keçirdiyi qəzadan sonra komaya düşən "Formula1" pilotu Mixail Şumaxer gizli bir şəkildə Parisdə xəstəxanaya aparılıb.

Open.az xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" qəzeti məlumat yayıb.

Əfsanə pilota fransız cərrah Filip Menasche tərəfindən kök hüceyrə transplantasiyasının tətbiq olunduğu iddia edilib. Əməliyyatın paytaxt Parisdəki Pompidou Xəstəxanasında gizli keçirildiyi irəli sürülüb.

İdmançının sağlamlıq vəziyyəti haqqında ailənin mətbuat sözçüsü Sapina Kehm açıqlama verməkdən çəkinib. Şumaxerin sağlamlıq vəziyyətində yaxşılığa doğru cüzi dəyişiklik olduğu qeyd edilib.

Qeyd edək ki, 2013-ci ilin dekabr ayında keçirdiyi qəzadan sonra komaya düşən Şumaxer uzun müddət ərzində komada qalıb və sonra reabilitasiya prosesinə başlanılıb. Alman pilot haqqında yayılan son rəsmi izahat bu olub və o gündən bu yana sağlamlıq vəziyyəti ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Ötən ilin əvvəlində Şumaxerin həyat yoldaşı Corinnanın təxminən 30 milyon avroluq bir köşk aldığı bildirilib.

Gülnar Qafarlı