Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov onlayn formatda keçirilən ənənəvi “Titled Tuesday Blitz” şahmat turnirində qələbə qazanıb.

Open.az xəbər verir ki, bu barədə “Sputnik” xəbər yayıb.

Məmmədyarov 750-ə yaxın şahmatçının qatıldığı ənənəvi onlayn turnirin 11 turunun nəticələrinə görə 10 xal toplayıb, bununla da ən yaxın təqibçiləri Sadvanini (Hindistan) və Aleksandr Zubovu (Ukrayna) qabaqlayıb.

Məmmədyarov üçün bu, “Titled Tuesday Blitz”də ikinci qələbədir. O, sözügedən onlayn turnirdə ilk qələbəni keçən ilin dekabrında qazanıb.

Bundan əvvəl azərbaycanlı qrossmeyster koronavirusa yoluxduğu üçün Niderlandın Veyk an Zee şəhərində “Tata Steel Masters” super turnirində iştirakdan imtina etmişdi.

Digər azərbaycanlı qrossmeyster Zaur Məmmədov isə doqquz xalla onlayn müsabiqənin ilk onluğunu bağlayıb.