Azərbaycanın milli polo komandası Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və “PAŞA Sığorta”nın sponsorluğu ilə ABŞ-ın Florida ştatındakı “Grand Champions Polo Club”da keçiriləcək polo üzrə beynəlxalq kubok yarışında iştirak edəcək.

Open.az xəbər verir ki, ARAF-dan verilən məlumata görə, “Grand Champions Polo Club”un təşkilatçılığı ilə baş tutacaq turnir payız mövsümünün son həftəsində keçirilən ən böyük polo yarışıdır. 2012-ci ildən etibarən altı dəfə çempion olan ABŞ komandası bu dəfə dünyanın ən məşhur güclü polo yığmasını - “Odlar Yurdu” Azərbaycanın seçmə kollektivini qarşılayacaq.

Yüksək səviyyədə təşkil olunan turnirdə bir çox ölkələr, o cümlədən Azərbaycan, Argentina, Braziliya, Kanada, Çili, Ekvador, İngiltərə, Fransa, Hindistan, Meksika, Yeni Zelandiya, Nigeriya və Cənubi Afrika təmsilçiləri iştirak edəcəklər.

Yığmamızın start heyətində Elçin Camallı, Amil Namazov, Andres Laplasette, Adrian Laplasette və Rəşad Həsənov yer alacaqlar. Komandanın baş məşqçisi Namiq Orucovdur.

Prezident İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində son illərdə ölkəmizdə idmanın digər növləri kimi, polo idmanı da sürətlə inkişaf edir. Cari mövsümdə Azərbaycan milli polo komandası bir çox uğura imza atıb. Belə ki, bu ilin yanvarında İsveçrənin Sankt-Moritz şəhərində keçirilən qar polosu üzrə dünya kubokunda komandamız qar üzərində ilk dəfə polo yarışında çıxış etməsinə baxmayaraq, güclü rəqiblərindən geridə qalmayaraq üçüncü yeri tutub. İyunun 15-dən 17-dək Azərbaycanın hər il ev sahibliyi etdiyi Arena polo üzrə dünya kuboku turnirində milli polo komandamız ikinci yerə sahib olub.

Ölkəmizin polo üzrə nailiyyətlərinin davamı olaraq, komandamız sentyabrın 20-dən 30-dək İtaliyanın Siena şəhərində ilk dəfə iştirakçısı olduğu Avropa çempionatında ikinci yeri tutaraq gümüş medallara layiq görülüb.