03 - 05 dekabr 2019-cu tarixlərində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Olimpiya Kanalının ilə İspaniyanın paytaxtı Madrid şəhərində təşkil etdiyi “2-ci Rəqəmsal Kommunikasiya və Media” seminarı başa çatıb.

Open.az xəbər verir ki, seminar Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə və texniki dəstəyi ilə təşkil edilmişdir. Seminarda Azərbaycan da daxil olmaqla Avropanın 10 ölkəsi - Albaniya, Sloveniya, Slovakiya, Serbiya, Polşa, Çexiya, Xorvatiya, Belarus və Türkiyənin Milli Olimpiya Komitələrinin müvafiq sahədə çalışan əməkdaşları iştirak edib.

Seminarın əsas məqsədi BOK-un “Olimpiya Gündəliyi 2020” sənədinə uyğun olaraq MOK-lar arasında əməkdaşlığın gücləndirilməsi,sosial media platformaları vasitəsilə hazırkı trendlərin istifadəsi, hər bir platformaya uyğun strategiyanın hazırlanması və effektiv həyata keçirilməsi, 2020-ci ildə baş tutacaq Lozan 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarına və Tokio 2020 Yay Olimpiya Oyunlarına hazırlıq işlərindən ibarətdir.

MOK-un marketinq direktoru Mehman Kərimovun sözlərinə görə Olimpiya Kanalının baş qərargahında təşkil edilmiş ilk belə regional seminar Azərbaycan MOK və Olimpiya Kanalı arasında 2016-cı ildən yaranmış sıx əməkdaşlıq nəticəsində baş tutub. Məzmun və formatına görə ilk belə seminarın keçirilməsində Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi Fondunun misilsiz rolunu qeyd edən Kərimov bunun də Azərbaycan MOK üçün böyük etimad olduğunu vurğulayıb.

Olimpiya Kanalının baş meneceri Mark Parkman Azərbaycan MOK-un tarixi əhəmiyyətli belə bir seminarın qurumun Madriddəki baş qərargahında təşkil edilməsi təşəbbüsünü yüksək qiymətləndirilmiş və uğurlu əməkdaşlığa görə komitəyə dərin minnətdarlığını bildirib. Parkman seminarın təkcə MOK-lar arasında deyil, həm də üzv komitələr ilə Olimpiya Kanalı arasında fərdi və qrup əməkdaşlığının güclənməsinə təkan verəcəyini vurğulayaraq qurum üçün 2020-ci ildə baş tutacaq Oyunlar öncəsi xüsusi əhəmiyyət daşıdığını söyləyib.

3 gün davam edən seminarda iştirakçılara Olimpiya Kanalının mütəxəssisləri tərəfindən rəqəmsal kommunikasiya və sosial media sahəsində baş verən son trendlər, müvafiq sahədə 2020-ci ildə baş tutacaq Lozan 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunları və Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları üçün planlaşdırılmış fəaliyyətlər haqqında ətraflı məlumat verilib. Mövzuya dair effektiv strategiyanın qurulması və idarə edilməsi, geniş auditoriyaya hesablanmış kontentin (məzmun) yaradılması, böyük idman tədbirləri, xüsusilə Olimpiya Oyunları zamanı sosial mediadan daha düzgün istifadəyə dair təqdimatlar vəpraktik müzakirələr də seminarın proqramına daxil idi. Təcrübə mübadiləsi məqsədi ilə Azərbaycan, Çexiya və Albaniya MOK-ı seminar iştirakçılarına mövzuya dair həyata keçirilmiş işlər, əldə edilmiş nailiyyətlər və 2020-ci ildə baş tutacaq Olimpiya Oyunlarına hazırlıq planlarını təqdim ediblər.

Seminarın sonunda tədbir iştirakçıları təşkilatçı və dəstəkçi qurumların sertifikat və hədiyyələri təqdim edilib.