Kanadanın Alberta əyalətində "Team Hope" və "Team Cure" adlı həvəskar xokkey komandaları öz aralarında keçirdikləri matçla yeni dünya rekordu müəyyənləşdiriblər.

Open.az "CBC"yə istinadən xəbər verir ki, 40 nəfərin növbə ilə oynadığı görüş açıq buz meydançasında baş tutub və 252 saat davam edib. Fevralın 4-də start götürən qarşılaşma 15-də başa çatıb. "Team Hope" sonda rəqibinə 2649:2528 hesabı ilə qalib gəlib.

Xokkeyçilər oyun vaxtı -55 dərəcə şaxtada buz üstünə çıxmalı olublar. İdman ləvazimatları yararsız hala düşsə də, oyunçulardan heç biri ciddi xəsarət almayıb.

Xeyriyyə xarakteri daşıyan oyundan 1,8 milyon avro vəsait toplanılıb. Məbləğ xərçəng xəstəliyinin aradırılması üçün Alberta Universitetinə bağışlanacaq.

Qeyd edək ki, bu əyalətdə oxşar matçlar 2003-cü ildən keçirilir. İlk dəfə bu cür görüş atası onkoloji xəstəlikdən vəfat edən həkim Brenton Sayk tərəfindən təşkil edilib. Budəfəki komandalar 2018-ci ildə qeydə alınmış 251 saatlıq göstəricini daha da yaxşılaşdırıblar.