Avropa Gimnastika İcraiyyə Komitəsinin onlayn iclası zamanı kişilər və qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Bu barədə Open.az European Gymnastics-a istinadən məlumat verib.

İcraiyyə Komitəsi Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin sonunadək geniş miqyaslı tədbirlərin keçirilə bilməyəcəyi barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verildikdən sonra yarışın Bakıdan Türkiyənin Mersin şəhərinə köçürülməsinə qərar verilib.

Kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatının 9-13 dekabr 2020-ci il tarixlərində və qadınların bədii gimnastika üzrə Avropa çempionatlarının 17-20 dekabr 2020-ci il tarixləri arasında keçirilməsi planlaşdırılır. Yarışlar Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayacaq.