Xəbər verdiyimiz kimi, Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb. Çempionatın rəhbərliyi yarışlarda təhlükəsizliyi tam təmin etmək məqsədilə komandalar arasında gigiyena qaydalarına əməl olunmasını tələb edib.

Open.az xəbər verir ki, Formula 1 2020-ci ildə yarışları təhlükəsiz şəraitdə keçirmək məqsədi ilə komandalar üçün yeni qaydalar tərtib edib. Belə ki, iyulun 5-də Avstriyada başlanası, daha sonra Macarıstan, Böyük Britaniya, İspaniya, Belçika və İtaliyada keçiriləsi yarışlardan əvvəl komandalar müəyyən prosedurlardan keçməlidir. Qaydaya əsasən, Qran-Prinin keçirildiyi ölkəyə gəlmək istəyən komandaların hər bir əməkdaşı səfərə çıxmazdan əvvəl koronavirus testindən keçməli və onun mənfi nəticəsi ilə bağlı arayışı təqdim etməlidir. Bununla belə, özəl tibbi şirkətlər də yarışın keçirildiyi məkanda komandaların üzvlərini bir daha yoxlamalıdır.

İlk yarışlar azarkeşsiz keçiriləcək. Formula 1 rəhbərliyi yalnız pandemiya ilə bağlı vəziyyət sabitləşəndən sonra azarkeşlərin avtodromlara buraxılacağına ümid etdiklərini bildirib. Bu müddət ərzində komandaların texniki heyətinin üzvləri də məhdud sayda Qran-Prilərə buraxılacaq. Bütün bu qaydalar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) əməkdaşlarına da aiddir. Onlar da Qran-Pri keçirilən ölkələrə getmək üçün test nəticələrini təqdim etməlidirlər. Bundan başqa, yarış vaxtı komandaların ünsiyyəti qadağan olunacaq. Məsələn, “Mercedes”in əməkdaşı Qran-Pri zamanı “Ferrari”nin işçisi ilə görüşə bilməz.

Yarış başa çatandan sonra mükafatlandırma mərasimi və mətbuat konfransı ilə bağlı qaydalarda da dəyişikliklər gözlənilir.