Bakı Şəhər Halqası (BŞH) Akademiyası 29 - 30 oktyabrda Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) ilə birlikdə karyera yarmarkası təşkil edəcək.

BŞH-dan Open.az-a verilən məlumata görə, ikinci dəfə reallaşacaq karyera yarmarkasının keçirilməsində əsas məqsəd ölkə gənclərinin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına yaxından dəstək göstərməkdir. Builki yarmarkada xidmət, neft, qeyri-neft və digər aparıcı sahələrdə fəaliyyət göstərən 30-dan çox şirkət keyfiyyətli kadr axtarışında olacaq. Yarmarkada işaxtaranlara müxtəlif istiqamətlər üzrə ödənişli iş və təcrübə proqramları təklif olunacaq.

Karyera yarmarkasında iştirak etmək istəyənlər əvvəlcədən bu keçidə https://forms.gle/V5UncjzXDATp5y4e7 daxil olaraq onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Müraciətçilər yarmarkaya gələrkən öz şəxsiyyət vəsiqəsi ilə yanaşı CV-lərinin bir neçə nüsxəsini də gətirməlidirlər.

Qeyd edək ki, BŞH Akademiyasının evsahibliyi ilə ötən il ilk dəfə baş tutmuş karyera yarmarkasında "Formula 1" yarışlarının çox sayda könüllüsü ölkədə fəaliyyət göstərən qabaqcıl şirkətlərdə işlə təmin olunub.