Noyabrın 16-da Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Olimpiya ordeni ilə təltif edilib.

Open.az xəbər verir ki, mərasim Tokiodakı Olimpiya Muzeyində baş tutub. Mükafatı Yaponiya hökumətinin keçmiş başçısına Yaponiyada səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax təqdim edib.

Noyabrın 15-dən 18-dək davam edəcək səfər zamanı T.Baxın Yaponiya Baş naziri Yoşihide Suqa, “Tokio-2020” Təşkilat Komitəsinin rəhbəri Yoşiro Mori ilə də görüşəcəyi gözlənilir.

Olimpiya ordeni 1974-cü ildə təsis edilib. Bu mükafat Olimpiya Hərəkatındakı üstün xidmətlərə görə verilir.

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 5-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.