Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə mayın 26-28-də blits üzrə onlayn qaydada beynəlxalq “İpək Yolu Kuboku” turniri keçiriləcək.

Open.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçiriləcək turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr ediləcək. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.

Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçiriləcək.

Azərbaycanı yarışda əmsala görə ən güclü şahmatçılar - Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, eləcə də Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Misrətdin İskəndərov, Namiq Quliyev, Rəsul İbrahimov, Aydın Süleymanlı, Ülvi Sadıqov, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Günay Məmmədzadə, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Gülnar Məmmədova, Toğrul Həsənzadə, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Gövhər Beydullayeva və Ayan Allahverdiyeva təmsil edəcək.

Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Turnirin 1-7-ci turlarına mayın 26-da saat 15:00-da, 8-15-ci turların görüşlərinə isə mayın 28-də saat 18:00-da start veriləcək.

Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirin qalibi 2500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.