Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Milli Olimpiya Komitələri (MOK) və beynəlxalq federasiyalara edəcəyi maliyyə yardımının məbləği açıqlanıb.

Open.az IOC-un rəsmi saytına istinadən xəbər verir ki, qurum bunun üçün ümumilikdə 100 milyon ABŞ dolları ayırıb.

Məbləğin 63 milyonu beynəlxalq federasiyalar, 37 milyonu isə 206 MOK arasında bölüşdürüləcək. Bu isə o deməkdir ki, hər komitəyə təqribən 180 000 ABŞ dolları ödəniləcək.

Bundan başqa, IOC-un İcraiyyə Komitəsi 2020-ci ilin sonunda Milli Olimpiya Komitələrinə daha 150 milyon ABŞ dolları həcmində yardım ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi koronavirus pandemiyası səbəbindən təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarına görə Milli Olimpiya Komitələri və beynəlxalq federasiyalara maliyyə dəstəyi verir.