Gənclər və İdman naziri Azad Rəhimov dopinq proqramlarının beynəlxalq standartlara uyğun olmayan 10 ölkəyə ekspert yardımını göstərməyə hazır olduğunu bildirib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Open.az-a verdiyi məlumata görə, Azad Rəhimov bu fikirləri oktyabrın 29 - 31-də Fransanın paytaxtı Parisdə keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 7-ci sessiyasında səsləndirib. Təklif müxtəlif ölkələr tərəfindən müsbət qarşılanaraq çox yüksək dəyərləndirilib.

Sessiyada müxtəlif ölkələrin idman strukturlarının rəhbərləri, beynəlxalq idman təşkilatlarının və digər qurumların nümayəndələri iştirak edib.

A.Rəhimov UNESCO-nun baş direktorunun Humanitar və Sosial elmər üzrə müavini Nada al-Naşif, Ümumdünya Anti Dopinq Agentliyinin (WADA) yeni seçilmiş prezidenti, Polşanın İdman və Turizm Naziri Vitold Banka, Avropa Şurasının İdman Konvensiyalarının direktoru Sergey Xriçikov, Rusiya Federasiyasının İdman Naziri Pavel Kolobkov, Səidiyyə Ərəbistanı şahzadəsi Fahad bin Jalawi al Saud və digərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Tədbirin açılışında eyni zamanda idmanda dopinqlə mübarizə və beynəlxalq əməkaşlıq mövzusuna dair panel müzakirələrdə çıxış edən nazir Azad Rəhimov Azərbaycanın idman sahəsində qazandığı geniş təcrübə haqqında söz açmış və ölkə ilə beynəlxalq strukturların idman əlaqələrinin genişləndirmə imkanlarını müzakirə edib.