Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov və bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasileva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) olublar.

Open.az xəbər verir ki, akademiyanın nəzdində fəaliyyət göstərən Multimedia Mərkəzini ziyarət edən qonaqlar burada yaradılan şərait barədə ətraflı məlumatlandırılıb.

Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov onlara mərkəzdə ən son avadanlıqlarla təchiz edilmiş radio sistemi, o cümlədən TV layihələrin hazırlanması üçün studiyaların yaradıldığını və bunların bütün zəruri texniki avadanlıqlarla təchiz edildiyini bildirib.

Qonaqlar ASAPES TV-yə müsahibə verərək, Multimedia mərkəzinin işini yüksək qiymətləndiriblər və buranı nümunəvi mərkəz adlandırıblar.