AFFA həvəskar statuslu Region Liqası turnirinin 2020/21-ci il mövsümü üçün geyim dəstləri və forma alınması məqsədilə tender elan edib.

Open.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.

Tenderdə iştirak etmək istəyənlərdən 1250 ədəd oyun forması, eyni sayda getr, 625 idman kostyumu, 50 qapıçı forması, 1300 idman çantası tələb edilir.

Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Eyni zamanda qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi", eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubu, həmçinin forma nümunələri və kataloqu oktyabrın 20-si, saat 17:00-a qədər bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərilə bilər.

Ödənişin yarısı əvvəlcədən, digər hissəsi isə mallar çatdırıldıqdan sonra ediləcək. Çatdırılma müddəti noyabrın 8-dək nəzərə tutulub.