Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi, general-leytenantKris Uaytkross ilə görüşüb.

Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, qonağı salamlayan nazir regiondakı hərbi-siyasi vəziyyət, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Z.Həsənov Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini vurğulayaraq, bu istiqamətdə göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.

K.Uaytkross Müdafiə Kollecinin fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycana səfərdən məmnun qaldığını, göstərilən qonaqpərvərliyə, müxtəlif qurumlarda görüşlərin təşkilinə görə bütün heyət üzvləri adından müdafiə nazirinə minnətdarlığını bildirib.

Qonaq Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyini qeyd edərək bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.