Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olaraq şəxsi heyətlə görüşüb.

Bu barədə Open.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığını, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Müdafiə naziri ön xətt bölmələrində xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərlə maraqlanıb və bu tədbirlərin daha da keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparıb.