Bu gün günorta saatlarında Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə alan istefada olan polkovnik-leytenant Mirzəyev Əliyaz Ələddin oğlu uzun sürən onkoloji xəstəlikdən (xərçəngdən) sonra vəfat edib.

Bu barədə Open.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, səhhətindəki problemlərlə əlaqədar 2016-cı ilin noyabr ayında ordu sıralarından istefaya çıxan Ə.Mirzəyevin müalicəsi Silahlı Qüvvələrin Baş Kilinik Hospitalında, eləcə də Müdafiə Nazirliyinin xətti ilə ölkənin müxtəlif tibb müəssisələrində və 3 dəfə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirilib.

İstefada olan polkovnik-leytenant Ə.Mirzəyevin cənazəsinin Türkiyə Respublikasından Bakıya gətirilməsi və dəfn mərasimi ilə bağlı müvafiq tədbirlər Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!