Sentyabrın 7-dən 18-dək Gürcüstanda “Layiqli tərəfdaş-2020” adlı çoxmillətli hərbi təlim keçiriləcək.

Open.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

ABŞ Müdafiə Nazirliyinin dəstəyi ilə keçiriləcək təlimlər Tbilisi yaxınlığındakı “Vaziani” və “Norio” poliqonlarında reallaşacaq.

Təlimdə Gürcüstanla yanaşı, ABŞ, Böyük Britaniya, Polşa və Fransadan 2700-dən çox hərbçi iştirak edəcək. Hərbi təlimlərə Gürcüstanın Müdafiə Qüvvələrinin zirehli texnikası və artilleriya sistemləri ilə yanaşı, ABŞ-ın aviasiya və zirehli texnikası da cəlb olunacaq. Kombinə edilmiş manevrlər komanda, qərargah və çöl şəraitində keçiriləcək.

Bu təlimlərin məqsədi Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi, həmçinin Qara dəniz bölgəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsidir.

Hərbi təlimlərin planlaşdırılması və hazırlıq prosesində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün bütün tövsiyə və təlimatlara əməl olunacaq. (AzərTac)