Noyabrın 12-də saat 11:59-da Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” xidmətindən və saat 12:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Nizami rayonunun Əli Nəzmi küçəsi ev 56 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Open.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 əl qumbarası və 3 ədəd əl qumbarasının partladıcısı, eləcə də müxtəlif çaplı 112 patron aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi sursatın tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1-dən noyabrın 12-dək ANAMA tərəfindən ümumilikdə 5444 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə iki, tank əleyhinə on mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 397 min 203 kvadratmetr ərazi yoxlanılıb.