Üçüncü dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan Azərbaycan xalqına qarşı terror əməllərini törətməkdə davam edir.

Open.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

Deputat qeyd edib ki, ermənilər o qədər azğınlaşıb ki, döyüş meydanından kənarda yerləşən şəhərlərimizi raketlərdən atəşə tuturlar.

S.Hüseynova vurğulayıb ki, Ermənistan silahlı qüvvələri ötən gün “Smerç” raketindən Azərbaycanın Bərdə, Tərtər və Goranboy şəhərlərini atəşə tutub: “Bildiyiniz kimi onların bu terrorist hərəkətləri nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər mülki insan həlak oldu, 2-si uşaq olmaqla bir neçə insan yaralandı. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Burada cinayətkar Ermənistan hakimiyyətinin məqsədi mülki insanlar arasında qətliam törətməkdir.

Sentyabrın 27-də indiyə qədər ümumilikdə, erməni terroru nəticəsində 69 insan həyatını itirib, 322 nəfər yaralanıb. Ermənistan beynəlxalq qanunları, o cümlədən Cenevrə konvensiyasını kobud şəkildə pozur və bu gün də mülki insanlarımızı atəşə tutmaqda davam edir. Lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu cinayətkar əməllərinə susqunluq nümayiş etdirir, Ermənistan isə bu cəzasızlıqdan daha da azğınlaşır.

Lakin Azərbaycan Ordusu cinayətkar Ermənistanın layiqli cavabını döyüş meydanında verir. Bu gün Müdafiə Nazirliyinin yaydığı videolardan da aydın görünür ki, ötən gün Bərdədə törədilən qətliamın qisası layiqincə alınıb, düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Düşmən bilməlidir ki, hər damla qanın qisası layiqincə alınacaq”.